BAKI, AzerVoice
Rusiyanın Şərq bölgəsində yerləşən Kamçatka yarımadasının sahilboyu ərazisində bir saat ərzində doqquz yeraltı təkan baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayımlayıb.
Seysmoloqların verdiyi məlumata əsasən, zəlzələlərin maqnitudası 4 ilə 5 arasında dəyişib. Qeyd olunan təkanlar daha böyük seysmik hadisənin ardınca qeydə alınan aftersoklar (təkrar təkanlar) kimi qiymətləndirilir.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinə daxil olan Vulkanologiya və Seysmologiya İnstitutunun ümumi şurası tərəfindən yayımlanan rəsmi hesabatda bildirilib ki, Kamçatkada növbəti iki sutka ərzində yeni və daha təhlükəli zəlzələ dalğaları gözlənilir. Sakinlərə və yerli hakimiyyət orqanlarına ehtiyatlı olmaq çağırışı edilib.
Qeyd edək ki, 30 iyul tarixində Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 8,8 olaraq qiymətləndirilib. Zəlzələ nəticəsində Saxalin vilayətinin Şimal-Kurilsk bölgəsində dörd dalğadan ibarət tsunami qeydə alınıb.
Zəlzələdən sonra bölgənin ən aktiv vulkanlarından biri olan Kluçevskoy vulkanında da fəallıq artıb və püskürmə müşahidə olunub.