BAKI, AzerVoice
Çin Xarici İşlər Nazirliyi NATO baş katibi Mark Ruttenin Rusiyayla ticarətə görə Çinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq ediləcəyi ilə bağlı açıqlamasına cavab verib.
AzerVoice xəbər verir ki, Pekin bu bəyanatları qəbuledilməz adlandıraraq, birtərəfli sanksiyalara və beynəlxalq hüququ pozan təzyiq mexanizmlərinə qarşı çıxdığını bəyan edib.
Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib ki, dialoq və danışıqlar Ukrayna böhranının həlli üçün yeganə yoldur.
Diplomat qeyd edib ki, Çin tətbiq olunan sanksiyalara qəti şəkildə qarşıdır və bu cür addımların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Lin Cian əlavə edib ki, ticarət münaqişələri və gömrük məhdudiyyətləri heç bir tərəf üçün faydalı deyil.
“Gömrük müharibələrində qalib olmur və təzyiqlə nəticə əldə etmək mümkün deyil,” – deyə Çin rəsmisi bildirib.
Çin rəsmiləri hesab edir ki, beynəlxalq münasibətlərdə məcburiyyət və təhdid deyil, əməkdaşlıq və qarşılıqlı hörmət əsas götürülməlidir.
Qeyd edək ki, NATO baş katibi Mark Rutte daha əvvəl verdiyi açıqlamada Çin, Hindistan və Braziliyanı Rusiyayla iqtisadi əməkdaşlığa görə ikinci dərəcəli sanksiyalarla təhdid edib. O bildirib ki, bu ölkələr Rusiyaya tətbiq olunan sanksiyalardan yayınaraq ona iqtisadi fayda təmin edirlər. Rettenin sözlərinə görə, Avropa İttifaqı Ukraynanın sülh danışıqlarında güclü mövqedə olmasını təmin etmək üçün bütün diplomatik və maliyyə imkanlarını səfərbər edəcək.
Pekin isə bu yanaşmanı beynəlxalq hüququn pozulması kimi qiymətləndirir və böhranın yalnız siyasi-diplomatik yollarla həll olunmasının mümkün olduğunu bildirib.