BAKI, AzerVoice
Böyük Britaniya hökuməti avtomobil sənayesini dəstəkləmək və ətraf mühitin mühafizəsi üzrə hədəflərə nail olmaq məqsədilə elektrik avtomobillərinin alınması üçün yenidən subsidiyaların tətbiqinə başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Belə ki, yeni proqram çərçivəsində alıcılara 3,75 min funt sterlinqə (təxminən 5 min dollar) qədər dövlət dəstəyi veriləcək. Ümumi dəyəri 650 milyon funt sterlinq olan proqram yalnız qiyməti 37 min funt sterlinqdən aşağı olan yeni elektrik avtomobillərinə şamil ediləcək.
Xatırladaq ki, ölkədə bu cür subsidiyalar proqramı 2022-ci ildə dayandırılmışdı. Həmin vaxtdan sonra elektrikli nəqliyyat vasitələrinin satışında artım tempi zəifləməyə başlamışdı.
Son statistikaya əsasən, ötən ilin iyun ayında Böyük Britaniyada hibrid modellər nəzərə alınmadan satılmış elektrik avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz artaraq 47 354 ədəd olub. Onların ümumi avtomobil satışındakı payı 24,8 faizə çatıb. Hökumətin məqsədi isə bu rəqəmi 28 faizə qədər yüksəltməkdir.