BAKI, AzerVoice
Almaniya 40 dərəcəni keçəcək istilərlə bağlı əhaliyə xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, Almaniya Meteorologiya Xidməti (DWD) ölkənin cənub və qərb bölgələrində iyulun ilk günlərində ekstremal istilərin təsirli olacağı barədə xəbərdarlıq yayıb.
Verilən məlumata görə, çərşənbə günü havanın temperaturu bəzi ərazilərdə 39°C-yə, bəzi yerlərdə isə 40°C-yə qədər yüksələ bilər. Gecə saatlarında belə temperaturun 20°C-dən yuxarı olacağı bildirilir.
Meteoroloq Tobias Reinartz bildirib ki, "Çərşənbə günü ölkənin bir çox hissəsində temperatur 35°C olacaq, bəzi bölgələrdə isə bu göstərici 39°C-ə çata bilər." O da qeyd edib ki, cənub-qərb bölgələrində dağlıq ərazilərdə lokal tufanların baş verməsi ehtimalı var.
Qurum vətəndaşlara hidrasiyanı təmin etməyi, günün ən isti saatlarında açıq havadan uzaq durmağı və həssas qruplara – yaşlılar və uşaqlara xüsusi diqqət yetirməyi tövsiyə edib.