Əsas səhifə » Keniyadakı iğtişaşlarda 300 polis əməkdaşı xəsarət alıb

Keniyadakı iğtişaşlarda 300 polis əməkdaşı xəsarət alıb

BAKI, AzerVoice

İyunun 25-də bütün Keniyanı bürüyən etiraz aksiyaları zamanı təxminən 300 polis əməkdaşı xəsarət alıb. Bundan əlavə, beş ədəd odlu silah oğurlanıb.

AzerVoice xəbər verir ki, bu barədə Keniya daxili işlər və milli hökumətin əlaqələndirilməsi naziri Onezimus Kipçumba Merkomen kenyans.co.ke xəbər portalına açıqlama verib.

Nazir etirazları prezident Uilyam Ruto administrasiyasını devirməyə yönəlmiş bir sui-qəsd kimi qiymətləndirib. O bildirib ki, iğtişaşlar zamanı təxminən 300 polis əməkdaşı və 100-ə yaxın mülki şəxs xəsarət alıb.

Merkomen həmçinin etirazlar zamanı 10-dan çox nəfərin həlak olduğunu qeyd edib.

Nazir aqressiv qrupların fəaliyyətinə xüsusi diqqət çəkərək, onların polis əməkdaşlarına və polis bölmələrinə, məhkəmələrə, yerli idarəetmə ofislərinə hücum etdiyini bildirib.

“Daqoretti polis bölməsindən beş odlu silah oğurlanıb, Qaçui polis məntəqəsində isə daha dörd ədəd silah yandırılıb” – deyə, Merkomen əlavə edib.

O bildirib ki, cinayətkar qruplar həmçinin köşk, supermarket, elektronika mağazası, otel və restoranları hədəfə alıblar. Onun sözlərinə görə, ticari və yaşayış obyektləri, o cümlədən Embu dairəsindəki katolik kilsəsinə məxsus bir bina da yandırılıb.

Qeyd edək ki, 25 iyun tarixində keçirilən etirazlar, ötən ilin iyununda vergi artımına qarşı başlanan və Prezident Uilyam Rutonun istefasını tələb edən aksiyaların ildönümünə təsadüf edib. Ən ciddi qarşıdurmalar keçən il iyunun 25-də qeydə alınıb. Həmin gün etirazçılar parlament və Nayrobi şəhər şurasının binalarını yandırmışdılar.

Keniya Milli İnsan Haqları Komissiyasının məlumatına görə, o zaman iki həftə ərzində 39 nəfər ölmüş, 350-dən çox insan xəsarət almışdı. Sonradan Prezident Ruto vətəndaşların narazılığına səbəb olan qanun layihəsini geri çəkmiş, lakin bunun nəticəsində hökumətin xarici bazarlardan təxminən 1 trilyon Keniya şillinqi (təxminən 7,7 milyard ABŞ dolları) borc almağa məcbur olacağını bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice