BAKI, AzerVoice
Hindistanın Aviasiya Qəzalarının Araşdırılması Agentliyinin (AAIB) mütəxəssisləri 12 iyun tarixində Əhmədabad yaxınlığında qəzaya uğrayan "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin hər iki bort qeydiyyat cihazından qara qutunun uğurla çıxarıldığını bildiriblər.
AzerVoice xəbər verir ki, bu barədə, Hindistanın Mülki Aviasiya Nazirliyinin verdiyi bəyanatda deyilir.
Bildirilib ki, hər iki qara qutu qəzanın baş verdiyi ərazidə tapılmış və Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə yüksək təhlükəsizlik şəraitində Yeni Dehliyə çatdırılıb. Ardınca AAIB və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssisləri məlumatların çıxarılması prosesinə başlayıblar. Onlar qara qutuların yaddaş modullarına daxil olaraq məlumatları yükləyə biliblər.
Nazirlik əlavə edib ki, hazırda hər iki bort qeydiyyat cihazından çıxarılmış məlumatların təhlili aparılır. Məqsəd qəzanın başvermə səbəblərini və hadisələrin ardıcıllığını dəqiq şəkildə müəyyənləşdirməkdir. Bildirilib ki, əvvəllər qeyd edildiyi kimi, məlumatların çıxarılması üçün qara qutuların ABŞ-a göndərilməsinə ehtiyac qalmayıb.
Xatırladaq ki, 12 iyun tarixində "Air India" aviaşirkətinin London istiqamətində uçuş həyata keçirən "Boeing 787-8 Dreamliner" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Hindistanın qərbində yerləşən Əhmədabad şəhəri yaxınlığındakı yaşayış məntəqəsinə düşmüşdü. Qəza nəticəsində 275 nəfər həlak olmuşdu. Onlardan 241 nəfər təyyarənin göyərtəsində, 34 nəfər isə yerə düşdüyü ərazidə həlak olmuşdu.
Hadisə ilə bağlı istintaq davam edir.