Əsas səhifə » ABŞ İranla böhranın həlli yollarını müzakirə etməkdə maraqlıdır - Vens

ABŞ İranla böhranın həlli yollarını müzakirə etməkdə maraqlıdır - Vens

BAKI, AzerVoice

ABŞ hazırkı böhranın uzunmüddətli həlli yollarını İranla müzakirə etməkdə maraqlıdır.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlama verib.

“Biz iranlılarla burada uzunmüddətli həll yolları barədə danışmaq istəyirik. Biz bu münaqişəni nə uzatmaq, nə də daha da gərginləşdirmək istəmirik” - deyə, o bildirib. Vens əlavə edib ki, məqsəd İranın nüvə proqramına son qoymaqdır.

Jurnalistlər Vitse-prezidentdən İsrail rəhbərliyinin İranın ali lideri ayətullah Seyid Əli Xameneinin aradan götürülməsi ilə bağlı açıq çağırışını ABŞ-ın dəstəkləyib-dəstəkləmədiyini soruşulublar. Vens bu suala belə cavab verib: “Bu, israillilərin öz qərarıdır. Amma bizim mövqeyimiz ondan ibarətdir ki, biz Tehranda rejim dəyişikliyi istəmirik. Bu məsələ ilə bağlı çox açıq siqnallar vermişik”.

“Biz burada iki yol olduğuna qəti şəkildə inanırıq. Birinci yol – İran terrorizmi maliyyələşdirməyə davam edir, nüvə proqramını inkişaf etdirməyə çalışır, amerikalı hərbçilərə hücumlar təşkil edir. Bu İran üçün pis bir yoldur və bu yolda cavab çox sərt olacaq. İkinci yol – İran beynəlxalq ictimaiyyətə inteqrasiya edir, terrorizmi maliyyələşdirməyə son qoyur və nüvə silahı hazırlamaq cəhdlərindən imtina edir. Bu, İran üçün bir 'yenidən başlama' fürsətidir və biz ümid edirik ki, onlar ağıllı seçim edəcəklər” - deyə, o əlavə edib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice