BAKI, AzerVoice
İranın bir çox şəhərində, xüsusən də paytaxt Tehranda cümə namazından sonra İsrailin hücumlarına qarşı etiraz aksiyaları keçirilib.
AzerVoice xəbər verir ki, Tehran Universitetinin kampusunda cümə namazından sonra toplaşan on minlərlə insan İsrail və ABŞ əleyhinə şüarlar səsləndirib. Etirazçılar əllərində İran hərbçilərinə dəstək mesajları olan lövhələr tutublar.
Nümayişçilər arasında olan iş adamı Xosrov Miryazi “İsrail nə edirsə etsin, İran xalqı Təl-Əviv rəhbərliyindən qorxmur” deyib.
Qeyd edək ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.
İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi hücumlarda həlak olub.
İranın Səhiyyə Nazirliyi iyunun 15-də İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi sayının 224, yaralıların sayının isə 1277-dən çox olduğunu açıqlayıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.