BAKI, AzerVoice
ABŞ Müdafiə Nazirliyi, İsrail və İran arasında silahlı münaqişənin daha da kəskinləşəcəyi ehtimalına qarşı Avropaya yanacaq doldurma təyyarələri yerləşdirib.
AzerVoice xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla hava tankeri ötən həftəsonu öz bazalarını tərk edərək Avropaya köçürülüb. Mənbələr bildirib ki, məqsəd ABŞ-ın Yaxın Şərqdəki istənilən əməliyyatlarını dəstəkləməkdir. Bu, Vaşinqtonun İsraili İranla qarşıdurmada daha fəal dəstəkləməyə başlaya biləcəyi ehtimalı ilə əlaqələndirilir.
ABŞ Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) isə bu məlumata münasibət bildirməkdən imtina edib. Qeyd edək ki, CENTCOM-un məsuliyyət zonası əsasən Yaxın Şərqi və Şimali Afrikanı əhatə edir.