Əsas səhifə » İsrailin İrana hücumundan sonra neft qiymətləri artırıb

İsrailin İrana hücumundan sonra neft qiymətləri artırıb

BAKI, AzerVoice

İsrailin İranın nüvə obyektlərinə və hərbi rəhbərlərinə qarşı həyata keçirdiyi hava hücumları qlobal enerji bazarlarında ciddi təşviş yaradıb.

AzerVoice xəbər verir ki, gərginliyin artması fonunda neft qiymətləri son beş ayın ən yüksək səviyyəsinə çatıb.

Cümə günü səhər saatlarında Brent markalı neftin qiyməti 6.63 faiz artaraq 73.96 dollara yüksəlib, gün içində maksimumu isə 78.50 dollarla 27 yanvardan bu yana ən yüksək göstərici olub.

ABŞ-ın West Texas Intermediate (WTI) nefti isə 7.33 faiz bahalaşaraq 73.03 dollara çatıb, gün ərzində 77.62 dollara qədər yüksəlib ki, bu da 21 yanvardan bəri rekord sayılır.

Bu artım, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı yaşanan kəskin qiymət sıçrayışından sonra ən böyük gün içində hərəkət kimi dəyərləndirilir.

Sinqapurlu neft treyderləri hadisənin hələlik Orta Şərqdəki neft tədarükünə birbaşa təsir göstərmədiyini, lakin İranın cavab formasından və ABŞ-ın prosesə müdaxiləsindən çox şeyin asılı olduğunu bildiriblər.

Treyderlərin əsas narahatlığı Hormuz boğazının bağlanması ehtimalıdır. Qeyd edək ki, dünya neftinin təxminən 20 faizi, gündəlik 18-19 milyon barel, bu strateji boğazdan keçir.

İsrailin açıqlamasına görə, hücumlar İranın nüvə obyektlərini, ballistik raket istehsalı zavodlarını və yüksək rütbəli hərbi rəhbərləri hədəf alıb. Hücumlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri və SEPAH komandanı Hüseyn Salami də daxil olmaqla bir neçə hərbi şəxs və nüvə alimi həlak olub. Tehran və digər şəhərlərdə mülki yaşayış məntəqələrinin də bombalandığı, çox sayda dinc sakinin həyatını itirdiyi bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice