BAKI, AzerVoice
İranla gərginlik səbəbilə “Madleen” fəallarının deportasiyası təxirə salınıb.
AzerVoice xəbər verir ki, İsrailin
saxladığı “Madleen” gəmisindəki üç hüquq müdafiəçisinin İranla
artan gərginlik səbəbilə ölkədən deportasiyası təxirə salınıb.
Hazırda onlar Ramle şəhərindəki Givon Həbsxanasında
saxlanılırlar.
Hüquq müdafiəçilərinin qanuni təmsilçiliyini həyata keçirən İsrail hüquq müdafiə təşkilatı “Adalah”ın verdiyi məlumata görə, Hollandiyalı Marko van Rennes, fransız vətəndaşları Paskal Maurieras və Yanis Mhamdi deportasiya üçün nəzərdə tutulan uçuşların ləğv olunması səbəbindən İsraildə qalmaqda davam edirlər.
Açıqlamada “İsrail və İran arasında mövcud gərginlik səbəbilə planlaşdırılan deportasiya uçuşları ləğv edilib” - deyə qeyd olunub və hüquqşünasların saxlanılan fəallarla görüş tələbində olduqları bildirilib.
Qeyd edək ki, 18 metrlik “Madleen” yelkənli gəmisi Qəzzaya tətbiq edilən blokadanı yarmaq və bölgəyə yardım aparmaq məqsədilə “Azadlıq Donanması Koalisiyası” tərəfindən iyunun 1-də İtaliyanın Kataniya şəhərindən yola düşüb. Gəmidə 12 könüllü olub. İsrail ordusu iyunun 9-da gəmiyə müdaxilə edərək onları saxlayıb. Onlardan dördü artıq deportasiya edilib, qalan üç nəfərin ölkədən çıxarılması isə bölgədəki vəziyyət səbəbindən ertələnib.