Əsas səhifə » ABŞ İran-İsrail gərginliyi fonunda Yaxın Şərqdəki bütün hərbi qüvvələrini hərəkətə keçirir

ABŞ İran-İsrail gərginliyi fonunda Yaxın Şərqdəki bütün hərbi qüvvələrini hərəkətə keçirir

BAKI, AzerVoice

ABŞ, İsrailin Tehrana qarşı başladığı hücumların ardından İranın mümkün cavab tədbirləri ehtimalına qarşı Yaxın Şərqdəki hərbi qüvvələrini hərəkətə keçirməyə başlayıb.

AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.

Məlumata görə, ballistik raketlərə qarşı müdafiə qabiliyyətinə malik olan "USS Thomas Hudner" adlı hərbi gəminin Aralıq dənizinin şərqinə doğru irəliləməsi əmr edilib. Eyni zamanda ikinci bir döyüş gəmisinin də hazırlıq vəziyyətinə gətirilməsi tapşırılıb.

ABŞ rəsmiləri Trampın bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Şurasının üzvləri ilə fövqəladə iclas keçirdiyini də bildiriblər.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə yerləşdirilmiş gəmiləri, ötən il oktyabrın 1-də İranın İsrailə atdığı 200-dən çox raketin zərərsizləşdirilməsində mühüm rol oynamışdı.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri bugün səhər saatlarında İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Digər Kateqoriyalar

2025 © Azervoice