BAKI, AzerVoice
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Grossi İsrailin İranın nüvə obyektləri və mülki hədəflərinə etdiyi hücumların beynəlxalq hüquqa uyğun olmadığını bildirib.
AzerVoice xəbər verir ki, Grossi, səhər saatlarında İranın nüvə obyektləri və mülki sahələrinə endirilən hücumların ardından MAQATE İdarə Heyətində açıqlama verib. O, İranın Natanz nüvə stansiyasının vurulması barədə məlumatı agentliyə verdiyini qeyd edib və nüvə obyektlərinin heç bir halda hədəf alınmaması lazım olduğunu dəfələrlə vurğuladığını bildirib.
MAQATE rəhbəri əlavə edib ki, nüvə obyektlərinin hədəf seçilməsi BMT Təhlükəsizlik Şurasının qərarlarına, beynəlxalq hüquqa və agentliyin qanunlarına ziddir.
Grossi həmçinin tərəflərə qarşıdurmanı daha da artırmamaq çağırışı edib və “Müvafiq orqanlara İranın təhlükəsizliyinin təmin olunması və nüvə silahlarının yayılmasının qarşısının alınması məqsədilə vəziyyəti qiymətləndirmək üçün ən qısa zamanda səfərə hazır olduğumu bildirdim” – deyə bildirib.
Qeyd edək ki, İsrail bu gün səhər saatlarında İranın Tehran, Təbriz, İsfahan (Natanz nüvə obyektləri), Luristan və Kirmanşah şəhərlərinə hücumlar təşkil edib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı Hüseyn Səlami və altı nüvə alimi də daxil olmaqla yüksək rütbəli şəxslər həlak olub. Mülki yaşayış məntəqələrinə də zərbələr endirildiyi və çox sayda dinc sakinin həyatını itirdiyi bildirilib.