Əsas səhifə » İran nüvə bombası istehsalına çox yaxınlaşıb - İsrail Ordusu

İran nüvə bombası istehsalına çox yaxınlaşıb - İsrail Ordusu

BAKI, AzerVoice

İsrail Ordusu cümə günü verdiyi açıqlamada bildirib ki, kəşfiyyat məlumatları İranın nüvə proqramının “geri dönüş nöqtəsinə” çatmaq üzrə olduğunu göstərir.

AzerVoice xəbər verir ki, bu bəyanat İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava zərbələrindən dərhal sonra yayılıb.

“Son aylar ərzində toplanmış kəşfiyyat məlumatları göstərir ki, İran rejimi minlərlə kiloqram zənginləşdirilmiş uran istehsalına yönəlib, yeraltı möhkəmləndirilmiş obyektlərdə mərkəzləşdirilməmiş uran zənginləşdirmə mərkəzləri qurur və bu, uranı hərbi səviyyəyə çatdırmağa imkan verir. Nəticədə, İran qısa müddətdə nüvə silahı istehsal edə bilər.”- deyə İsrail ordusunun bəyanatında deyilir

İsrail Ordusunun məlumatına görə, döyüş təyyarələri İranın müxtəlif bölgələrindəki nüvə obyektlərini bombalamağa davam edir. Ordu sözçüsü Evi Dəfrin jurnalistlərə açıqlamasında bildirib ki, İran cümə günü İsrailə qarşı 100-ə yaxın pilotsuz uçuş aparatı (PUA) göndərib, lakin İsrail qüvvələri onları havada zərərsizləşdirməyə çalışır.

Eyni zamanda, İsrailin 200-ə yaxın qırıcı təyyarəsi bu əməliyyatda iştirak edərək, İran ərazisində təxminən 100 hədəfi vurub.

Bu hadisə Yaxın Şərqdə yeni bir mərhələnin başlandığını göstərir. İsrailin iddialarına görə, İranın nüvə silahına doğru irəliləməsi artıq təkcə nəzəri təhlükə deyil, praktik və təcili müdaxilə tələb edən bir prosesdir. İsrailin son zərbələri isə bu iddianın hərbi cavabı kimi şərh olunur.

Analitiklər hesab edir ki, bu hücumlar bölgədə genişmiqyaslı qarşıdurma ehtimalını artırır və həm beynəlxalq nüvə razılaşmalarını, həm də İran daxilindəki siyasi tarazlıqları ciddi şəkildə təsir edə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice