BAKI, AzerVoice
Fələstin dövlətini öz torpaqlarınızda qurun.
AzerVoice xəbər verir ki, ABŞ-ın
İsraildəki səfiri Mike Huckabee Fələstin-İsrail münaqişəsində iki
dövlətli həll modelinə qarşı çıxaraq, ərəb və müsəlman ölkələrinə
“Fələstin dövlətini öz torpaqlarınızda qurun” çağırışı ilə gündəmə
gəlib.
BBC-yə açıqlama verən Huckabee bildirib ki, ərəb və müsəlman ölkələrinin torpaq əraziləri İsrailin nəzarət etdiyi ərazilərdən qat-qat böyükdür və istəsələr, Fələstin dövlətinə orada ev sahibliyi edə bilərlər. O, ABŞ-ın əvvəlki administrasiyaları və Avropa ölkələrinin iki dövlətli həlli “arzulanan məqsəd” kimi gördüyünü, lakin bunun reallıqdan uzaq olduğunu vurğulayıb.
Səfir həmçinin Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya və Norveçin İsrailin ifrat sağçı siyasətçilərinə – Milli Təhlükəsizlik naziri Itamar Ben-Qvir və Maliyyə naziri Bezalel Smotriçə qarşı tətbiq etdiyi sanksiyaları sərt tənqid edib.
Mike Huckabee daha əvvəl BMT-də Fələstin dövlətinin tanınması təşəbbüsünü dəstəkləyən Fransaya da sərt reaksiya verərək, “Əgər Fransa həqiqətən Fələstin dövləti istəyirsə, o zaman Fransız Rivyerasında bir parça torpaq ayırıb orada qursunlar” - deyə bildirib.
Qeyd edək ki, Huckabee İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi fikrini açıq şəkildə dəstəkləyən nadir diplomatlar sırasındadır.