BAKI, AzerVoice
Rusiyanın nümayəndə heyəti sabah keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbula gəlib.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya KİV-i mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə bildirib ki, Rusiya nümayəndə heyəti prezidentin köməkçisi Vladimir Medinski başda olmaqla, iyunun 2-də İstanbulda Ukraynaya böhranın əsas səbəblərinin aradan qaldırılmasına dair memorandum təqdim etməyə hazırdır.
Ukrayna Müdafiə Naziri və nümayəndə heyətinin rəhbəri Rustem Umerov isə qeyd edib ki, Kiyev Rusiya tərəfi ilə görüşməyin əleyhinə deyil, lakin görüş başlamazdan əvvəl Moskvadan memorandum gözləyir. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə bu tələbi qeyri-konstruktiv hesab edib və hazırda əsas olanın birbaşa danışıqlar prosesini davam etdirmək olduğunu vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bundan əvvəl bildirib ki, İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətinə yenidən Umerov rəhbərlik edəcək.
Qeyd edək ki, danışıqların əvvəlki raundu mayın 16-da baş tutub və bu danışıqlarda “minə min” əsir mübadiləsi, eləcə də mümkün atəşkəs perspektivləri müzakirə olunub.