Əsas səhifə » Saxta videolar artıq ürək döyüntüsünü təqlid edir

Saxta videolar artıq ürək döyüntüsünü təqlid edir

BAKI, AzerVoice

Saxta video texnologiyası daha da inkişaf edir - görüntülərdə real ürək döyüntüləri müşahidə olunur.

AzerVoice xəbər verir ki, süni intellektlə hazırlanan və insanın üzünü və ya bədənini dəyişdirərək yaradılan saxta videolar real ürək döyüntülərini simulyasiya etmə qabiliyyəti ilə daha da inandırıcı olub. Bu isə onları aşkar etməyi xeyli çətinləşdirir.

Saxta görüntü texnologiyası bəzi hallarda əyləncəli məqsədlərlə istifadə edilsə də, razılıq olmadan görüntülər yaratmaq və ya şəxslərə böhtan atmaq kimi təhlükəli məqsədlərlə də geniş yayılmaqdadır.

Bu tip videoların saxta olub-olmadığını təyin etmək üçün son illərdə ən çox istifadə edilən üsullardan biri də ürək döyüntülərinin izlənməsidir. Uzaqdan fotopletismoqrafiya (rPPP) aləti dəridəki mikroskopik işıq dəyişiklikləri vasitəsilə ürək döyüntüsünü müəyyən edə bilir.

Alimlər videolarda ürək döyüntülərini təhlil edən bir detektor hazırlayıb və onu EKQ nəticələri ilə müqayisə ediblər. Alətin EKQ ilə cəmi 2-3 döyüntü fərqlə ölçü nəticələri əldə etməsi onun dəqiqliyini sübut edib.

Tədqiqat zamanı məlum olub ki, bəzi saxta videolarda hətta heç bir ürək döyüntüsü süni şəkildə əlavə edilməsə belə, rPPP aləti yüksək dərəcədə real nəbz aşkarlayıb. Alimlər bildiriblər ki, bu döyüntülər ya orijinal mənbə videodan ötürülə, ya da sonradan əlavə oluna bilər.

“Əgər mənbə video real insana aiddirsə, ürək döyüntüsü də deepfake videoya ötürülə bilər. Bu, bütün aşkarlama üsullarının davamlı yenilənməsini zəruri edir.”- deyə Almaniyanın Humboldt Universitetindən professor Peter Eisert bu barədə bildirib.

Tədqiqatçılar hesab edirlər ki, alternativ olaraq, üz nahiyəsində qan axını izləyən və bu axının təbii ləngimələrini analiz edən yeni sistemlər daha effektiv ola bilər. Lakin uzunmüddətli perspektivdə əsas diqqət rəqəmsal siqnalların təhlilinə yönəldilməlidir.

Digər Kateqoriyalar

2025 © Azervoice