Əsas səhifə » Rusiyanın Polşadakı konsulluğu bağlanıb

Rusiyanın Polşadakı konsulluğu bağlanıb

BAKI, AzerVoice

Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlayıb.

AzerVoice xəbər verir ki, Polşa hökuməti Rusiyanın Krakov şəhərindəki Baş Konsulluğunun fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.

Bu addım ötən il Varşavada ticarət mərkəzində baş vermiş və geniş ziyana səbəb olmuş yanğınla bağlı Rusiya xüsusi xidmət orqanlarına qarşı irəli sürülən təxribat iddialarının fonunda atılıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorski “X” sosial media hesabında verdiyi açıqlamada, “Rusiya xüsusi xidmət orqanlarının Marywilska ticarət mərkəzində baş vermiş yanğına dair təxribatda iştirakını göstərən sübutlara əsaslanaraq, Rusiyanın Krakovdakı Baş Konsulluğunun fəaliyyət icazəsini ləğv etmək qərarına gəldim” - deyə bildirib.

Qeyd edək ki, 2024-cü ilin mayın 12-də Varşavanın Bialoleka rayonundakı ticarət mərkəzində güclü yanğın baş verib və mərkəzin demək olar ki, bütün hissəsi məhv olub. Polşanın baş naziri Donald Tusk hadisənin “Rusiya kəşfiyyat orqanlarının təşkil etdiyi yandırma” əməliyyatı olduğunu irəli sürüb. Təhlükəsizlik qüvvələri artıq bir neçə şübhəlini nəzarətə alıb, digərlərinin isə axtarışı davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice