BAKI, AzerVoice
Yeni Papa XIV Leo Türkiyəyə səfərə hazırlaşır – İznikdə tarixi Şuranın ildönümündə iştirak edəcək.
AzerVoice xəbər verir ki, Katolik kilsəsinin yeni rəhbəri Papa XIV Leo 325-ci ildə keçirilmiş Birinci Nikeya Şurasının 1700 illiyi münasibətilə Türkiyənin İznik (tarixi Nikea) şəhərinə səfərə hazırlaşdığını açıqlayıb.
7-8 may tarixlərində keçirilmiş Konklavda Papa Fransiskin yerinə seçilən XIV Leo, Vatikanda təxminən 4 min jurnalistlə görüşərək həm ilk mesajlarını verib, həm də planlaşdırılan fəaliyyətləri barədə danışıb. Paulus salonunda çıxış edən Papa, xüsusilə kommunikasiya və ünsiyyət mövzusunda mühüm çağırış edib. “Sülh hər birimizin davranışından başlayır. Söz və görüntü savaşına yox deməliyik”- deyə o bildirib.
Süni intellektin inkişaf etdiyi bir dövrdə kommunikasiya vasitələrinin insanlığın rifahına yönəlməli olduğunu bildirən Papa XIV Leo, nifrət və qərəzdən uzaq dialoqa çağırış edib.
Papa XIV Leo, jurnalistlərlə söhbətində sələfi Papa Fransiskin 1700-cü ildönüm münasibətilə Nikeaya səfər etmək istədiyini, lakin ömrünün yetmədiyini xatırladıb. Bu səbəbdən, onun arzularını reallaşdırmaq üçün hazırlıqların başladığını bildirib.
Qeyd edək ki, Birinci Nikeya Şurası eramızın 325-ci ilində Roma imperatoru I Konstantinin təşəbbüsü ilə keçirilib. Xristianlıq tarixində mühüm yer tutan bu toplantı, dini inanc və kilsə nizamına dair əsas məsələlərin müzakirə və qərara bağlandığı ilk ümumdünya kilsə konqresi hesab olunur. Papa XIV Leo-nun səfəri həm tarixi, həm də simvolik əhəmiyyət daşıyır.