BAKI, AzerVoice
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Jabarov, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putin ilə 12 maydan atəşkəs şərtilə şəxsi görüş təklifinə sərt reaksiya verib.
AzerVoice xəbər verir ki, o, Zelenskinin bu bəyanatını siyasi hiylə adlandırıb.
Jabarov bildirib ki, Rusiya atəşkəs elan etmək üçün heç bir öhdəlik daşımır, xüsusilə də Zelenskinin əvvəllər Putin tərəfindən elan olunmuş enerji, Pasxa və Qələbə günü atəşkəslərinə dəstək vermədiyini nəzərə alaraq.
“Zelenski düşünür ki, Putin onunla masa arxasına əyləşəcək? Bu, mümkün deyil. O, günahsız insanların qanına bais olub, Sovet xalqının, eləcə də öz babasının qəhrəmanlıq xatirəsini ləkələyib,” – deyə Jabarov qeyd edib.
Rusiya senatoru vurğulayıb ki, Moskva yalnız xüsusi təyin olunmuş nümayəndə vasitəsilə danışıqlara gedəcək və bu format keçmişdə də tətbiq olunub.
Xatırladaq ki, Zelenski daha əvvəl Putinə şəxsi görüş üçün 15 may tarixində Türkiyəyə gələcəyini bildirib. O, bunun yalnız 12 maydan tam və uzunmüddətli atəşkəsin elan olunması halında baş tutacağını qeyd edib.