Bakı, AzerVoice
Yaponiyanın Naqasaki şəhərinin meri Şiro Suzuki ABŞ-ın atom bombası hücumunda həyatını itirənlərin xatirəsini anma mərasiminə İsrailin Yaponiyadakı səfiri Gilad Koeni bu il dəvət etmədiklərini bildirib.
AzerVoice xəbər verir ki, İsrailin Qəzzada həyata keçirdiyi soyqırıma beynəlxalq ictimaiyyətin etirazları davam edərkən, Yaponiyanın Naqasaki şəhərinin rəhbərliyindən kritik bir addım gəldi.
Naqasaki Bələdiyyə Başçısı Şiro Suzuki daha əvvəl İsrailin Yaponiyadakı səfiri Gilad Koeni ABŞ-ın atom bombası hücumunda həyatını itirənlərin xatirəsini anma mərasiminə dəvət etməməyi planlaşdırdıqlarını elan etmişdi. O bunu, İsrailə görə hər hansı etirazla üzləşməkdən narahat olduqları üçün etdiyini bildirib.
Suzuki bu gün məsələ ilə bağlı yekun qərarlarını açıqlayıb.
Suzuki xatırladıb ki, iyun ayında İsrailin Yaponiyadakı səfirliyinə dəvət məktubu əvəzinə “dərhal atəşkəsə çağıran” məzmunda bir məktub göndəriblər.
Buna baxmayaraq, o, İsraildən mərasimlə bağlı mümkün riskləri azaldacaq hər hansı bir addım görmədiklərini bildirib.
Bu səbəbdən Koeni ənənəvi mərasimə dəvət etmədiklərini qeyd edən Suzuki, bu çətin qərarın “siyasi” olmadığını və “mərasimi problemsiz bir şəkildə həyata keçirmək” istəyindən qaynaqlandığını deyib.
İsrailin Yaponiyadakı səfiri Gilad Koen qərara cəld reaksiya verib. X sosial media platformasında verdiyi açıqlamada qərarı "təəssüf verici" olaraq şərh edən Koen, Naqasaki rəhbərliyinin "dünyaya yanlış mesaj göndərdiyini" ifadə etdi.
İsrailin illərdir Naqasakidə keçirilən mərasimə qatıldığını bildirən Koen ölkəsinin özünü və vətəndaşlarını müdafiə etmək hüququndan istifadə etdiyini iddia edib.
Qeyd edək ki, ABŞ-ın Yaponiyaya ikinci atom bombası hücumunda həyatını itirənlər hər il avqustun 9-da Naqasaki Sülh Parkında keçirilən ənənəvi mərasimlə anılır.
Mərasimdə xarici dövlətlərin nümayəndələri, atom bombası hücumunda həyatını itirənlərin yaxınları və hücumdan sağ çıxanlar iştirak edir.
Mərasimdə atom bombasının partladığı an saat 11.02-də həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.