BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ prezidenti Donald Tramp bu gün Vaşinqtonda, adını dəyişərək öz adını verdiyi "Donald J. Trump ABŞ Sülh İnstitutu"nda 45-dən çox ölkənin nümayəndəsinin iştirakı ilə "Sülh Şurası"nın ilk iclasına sədrlik edir. İclasın əsas gündəmini Qəzza zolağının bərpası, "Həmas"ın tərksilah edilməsi və humanitar yardımın təşkili kimi mürəkkəb məsələlər təşkil edir.
AzerVoice xəbər verir ki,Tramp iclasda iştirakçı ölkələr tərəfindən Qəzzanın bərpası üçün artıq 5 milyard dollar vəsaitin toplandığını elan edəcək. Bu məbləğ gələcəkdə ehtiyac duyulacaq on milyardlarla dolların ilkin ödənişi hesab olunur. Reuters-in məlumatına görə, bu vəsaitin daxilində Vaşinqtonun körfəz müttəfiqləri olan Birləşmiş Ərəb Əmirlikləri və Küveytin hər birinin 1,2 milyard dollar payı var.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Tramp bir neçə ölkənin Qəzzada sülhü qorumaq üçün yaradılan Beynəlxalq sabitləşdirici qüvvələrə (ISF) minlərlə hərbçi göndərməyi planlaşdırdığını açıqlayacaq. Lakin sülhməramlıların missiyaya başlaması üçün "Həmas"ın tərksilah edilməsi hələ də əsas maneə olaraq qalır. Ötən ilin oktyabrında atəşkəsi təmin edən "20 bəndlik Qəzza planı" çərçivəsində "Həmas" silahlarını təhvil verməkdə tərəddüd edir.
Sülh Şurasının tərkibi müəyyən mübahisələrə yol açıb. Şurada İsrail təmsil olunsa da, Fələstin nümayəndələri dəvət edilməyib. Həmçinin, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa, Böyük Britaniya, Rusiya və Çin iclasda iştirak etmir. Bu vəziyyət Trampın bu platformasının BMT-nin qlobal diplomatiya rolunu zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar yaradır.
Tədbirdə ABŞ Dövlət katibi Marko Rubio, xüsusi nümayəndələr Stiv Vitkoff və Cared Kuşner, eləcə də Şurada mühüm rol alacaq Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer çıxış edəcəklər.