BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək.
AzerVoice xəbər verir ki, Hakan Fidan toplantıya Rəcəb Tayyib Ərdoğan-ı təmsil edərək qatılacaq. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin təsisçi üzvlərindən olduğu Sülh Şurasının ilk iclasında nazir regional sülh və Qəzzanın gələcəyi ilə bağlı Ankaranın prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə çatdıracaq.
Gözlənilir ki, nazir çıxışında Fələstin məsələsinin həlli istiqamətində beynəlxalq səylərin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulasın.
Bildirilib ki, çıxışda İsrailin atəşkəs pozuntularına son qoymasının, eləcə də Qəzzaya humanitar yardımların fasiləsiz və yetərli həcmdə çatdırılmasına mane olan addımların dayandırılmasının zəruriliyi qeyd olunacaq.
Türkiyənin Qəzzada humanitar yardım fəaliyyətlərini davam etdirəcəyi və bölgənin yenidən qurulması prosesinə hərtərəfli dəstək verməyə hazır olduğu ifadə ediləcək.
Eyni zamanda, Qəzzada Fələstin xalqının hüquqlarının qorunması və təhlükəsizliyin təmin olunması məqsədilə yaradılacaq beynəlxalq mexanizmlərdə Türkiyənin iştirak etmək iradəsi bir daha təsdiqlənəcək.
Nazirin çıxışında İordan çayının Qərb sahilində artan qeyri-qanuni məskunlaşma fəaliyyəti, məskunlaşanların zorakılığı və İsrailin təzyiqlərinə qarşı beynəlxalq ictimaiyyətin təcili addımlar atmasının vacibliyi də vurğulanacaq.
Türkiyə tərəfi daimi sülh üçün yeganə yol kimi gördüyü iki dövlətli həll konsepsiyasına tam dəstəyini bir daha bəyan edəcək.
Hakan Fidan Vaşinqton, Sülh Şurası ilk iclas, Türkiyə Qəzza mövqeyi, iki dövlətli həll, humanitar yardım Qəzza, atəşkəs pozuntuları, Qərb sahili məskunlaşma, məskunlaşanların zorakılığı, Qəzzanın yenidən qurulması, beynəlxalq mexanizm iştirakı