BAKI,AzerVoice, Fərid Mikayılov
Rəfah Sərhəd Keçid Məntəqəsi atəşkəs razılaşması çərçivəsində iki istiqamətli fəaliyyətə başlayıb. Razılaşmaya əsasən, ilkin mərhələdə 150 fələstinlinin Qəzza zolağından çıxışına icazə verilib.
AzerVoice xəbər verir ki, HƏMAS sözçüsü Hazım Qasım yaydığı videomüraciətdə Rəfah keçid məntəqəsinin açılmasının Qəzza əhalisinin qanuni hüququ olduğunu bildirib.
Onun sözlərinə görə, atəşkəs razılaşmasının birinci mərhələsində keçid məntəqəsinin açılması nəzərdə tutulsa da, İsrail bu prosesi uzun müddət əsassız şəkildə gecikdirib.
Hazım Qasım qeyd edib ki, İsrail Rəfah keçidinin açılmasını Qəzzada saxlanılan son girovun cəsədinin təhvil verilməsi ilə əlaqələndirərək prosesi süni şəkildə uzadıb. O vurğulayıb ki, fələstinlilərin Qəzza zolağına giriş və çıxış hüququ beynəlxalq humanitar hüquqla qorunur və bu hüquq hər hansı siyasi şərtlə məhdudlaşdırıla bilməz.
HƏMAS sözçüsü İsrailin tətbiq etdiyi məhdudiyyətlərin atəşkəs razılaşmasına və beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib, vasitəçi və təminatçı ölkələri Rəfah keçid məntəqəsindəki vəziyyəti yaxından izləməyə çağırıb.
İsrail ordusunun işğal altındakı Fələstin ərazilərində fəaliyyətləri əlaqələndirən qurumu (COGAT) isə açıqlamasında Rəfah Sərhəd Keçid Məntəqəsinin İsrail siyasi rəhbərliyinin göstərişi ilə atəşkəs razılaşması çərçivəsində məhdud sayda Qəzza sakini üçün açıldığını təsdiqləyib.
Məsələ ilə bağlı Misir və Fələstin rəsmiləri hələlik rəsmi açıqlama yaymayıblar.
Misir mətbuatının məlumatına görə, Rəfah Sərhəd Keçid Məntəqəsinin Fələstin tərəfi ilkin sınaq rejimində fəaliyyətə başlayıb. Keçid məntəqəsinin bazar ertəsi tam şəkildə istifadəyə veriləcəyi gözlənilir.
Bildirilir ki, Qəzza zolağında olan xəstələrin tibbi müalicə məqsədilə Misirə köçürülməsi planlaşdırılır. Misir Səhiyyə Nazirliyinə məxsus səyyar reanimasiya və təcili tibbi yardım briqadaları sərhədin Misir tərəfində hazır vəziyyətə gətirilib.