BAKI, AzerVoice, Nailə Babazadə
Kanadanın Baş naziri Mark Karni Ontario əyalətində keçirdiyi mətbuat konfransında Türkiyə-Kanada münasibətləri barədə mühüm açıqlamalar verib.
AzerVoice xəbər verir ki, O, Türkiyəni NATO-nun "həyati tərəfdaşı" adlandıraraq, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığı dərinləşdirmək üçün "nəhəng" imkanların olduğunu bildirib.
Baş nazir Karni Türkiyənin dünyanın strateji və bəzən çətin bir bölgəsində mühüm rol oynadığını vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Nyu-Yorkda apardığı danışıqlara toxunaraq bildirib: "Türkiyə ilə ticari əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Müdafiə və nüvə əməkdaşlığı kimi mövzuları da əhatə edə biləcək bu danışıqları davam etdirməyi planlaşdırırıq."
Türkiyənin qlobal istehsalat sektorunda, xüsusilə də qabaqcıl istehsalat sahəsində liderlərdən biri olduğunu qeyd edən Karni, birgə fəaliyyət üçün geniş perspektivlərin olduğunu qeyd edib. O həmçinin Kanadanın sıfır emissiyalı avtomobil istifadəsini artırmaq məqsədilə hazırladığı 2,3 milyard dollarlıq yeni milli avtomobil planını da ictimaiyyətə təqdim edib.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci ilin sentyabrında BMT-nin 80-ci Baş Assambleyası çərçivəsində Mark Karni ilə görüşmüşdü. Həmin görüşdə Ərdoğan Türkiyə və Kanadanın mühüm NATO müttəfiqləri olaraq Avropa-Atlantika regionunun təhlükəsizliyində həlledici rol oynadıqlarını ifadə etmişdi.