BAKI, AzerVoice, Nailə Babazadə
Qəzzadakı Fələstin hökuməti 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinə dair rəsmi hesabatını açıqlayıb.
AzerVoice xəbər verir ki, hökumətin Media Ofisi atəşkəsin ikinci mərhələsinə keçildiyi bir vaxtda ötən 95 gün ərzində İsrail ordusunun beynəlxalq hüququ sistematik şəkildə pozduğunu bəyan edib. Hesabata əsasən, atəşkəs dövründə İsrail tərəfindən 1244 pozuntu qeydə alınıb və bu hücumlar nəticəsində 449 fələstinli həyatını itirib, 1246 nəfər isə yaralanıb. Həmçinin İsrail ordusunun 581 dəfə mülki yaşayış binalarını bombaladığı və 195 evi tamamilə dağıtdığı bildirilir.
Məlumata görə, İsrail humanitar yardımların çatdırılmasına da ciddi maneələr yaradıb. Razılaşmaya əsasən Qəzzaya 57 min yük maşını daxil olmalı idisə, İsrail tərəfi yalnız 24 min 611 maşının keçidinə icazə verib. Gündəlik 600 yük maşını əvəzinə ortalama 259 maşın daxil olub ki, bu da atəşkəs öhdəliklərinin yalnız 43 faizinin yerinə yetirilməsi deməkdir. Yanacaq tədarükündə isə bu göstərici daha aşağı düşərək 12 faiz təşkil edib. Bu çatışmazlıq səbəbindən xəstəxanalar, çörək sexləri və su təmizləyici qurğular fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Hesabatda qış şəraitində Qəzzada baş verən sığınacaq böhranına da diqqət çəkilib. Bildirilib ki, 127 mindən çox çadır istifadəyə yararsız hala düşüb və 1,5 milyondan çox didərgin düşmüş şəxs üçün minimum yaşayış şəraiti belə təmin edilməyib. Soyuq hava dalğası nəticəsində bəzi binaların çökdüyü və çadırlarda soyuqdan ölüm hallarının qeydə alındığı vurğulanıb. Səhiyyə Nazirliyi isə 2023-cü ilin oktyabrından bəri ümumi can itkisinin 71 min 441-ə yüksəldiyini təsdiqləyib.