BAKI, AzerVoice, Nailə Babazadə
İsrailin BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinə (UNIFIL) hücumunun beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxuma olduğunu bildirən Livan Prezidenti Cozef Aun, bu hücumu qınayıb.
AzerVoice xəbər verir ki,Livan Prezidentliyindən yayılan yazılı açıqlamaya görə, Aun, İsrailin UNIFIL üzvlərinə Livanın cənubundakı vəzifələri zamanı hücumundan sonra UNIFIL Missiyasının rəhbəri və komandiri Diodato Abagnara ilə telefonla danışıb.
Görüşdə Aun, Diodatoya İsrail ordusunun UNIFIL-ə qarşı hücumunu qınadığını bildirib.
Livanın cənubundakı İsrail işğalının sona çatdırılması və Livanlı məhbusların qaytarılması ilə bağlı beynəlxalq çağırışları və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini xatırladan Aun, İsrailin bu çağırışları görməzlikdən gəldiyini və beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumağa davam etdiyini vurğulayıb.
Qeyd edək ki, UNIFIL dünən Telegram hesabından verdiyi açıqlamada, 2 sentyabrda Livanın cənubunda yol təmizləmə işləri aparan zaman İsrail ordusunun sülhməramlıların yaxınlığına 4 əl bombası atdığını və bunun atəşkəs razılaşmasından bəri "ən ciddi hücumlardan biri" olduğunu bildirmişdi.
Livanda vətəndaş müharibəsinin başlamasından sonra İsrail 1978-ci ildə Livan ərazisinə daxil olaraq Cənubi Livanı işğal edib. Həmin il BMT Təhlükəsizlik Şurası İsrailə qoşunlarını Livandan geri çəkməsi üçün çağırış edib.
BMT TŞ, Livan hökumətinin tələbi ilə İsrail qüvvələrinin geri çəkilməsini təsdiqləmək, bölgədə sülh və təhlükəsizliyi bərpa etmək və Livan hökumətinin ölkənin cənubunda suverenliyini yenidən təmin etməsinə dəstək məqsədilə 19 mart 1978-ci ildə UNIFIL-i yaradıb.
BMT Təhlükəsizlik Şurası, Livan ilə İsrail arasında 12 iyul 2006-cı ildə başlayan silahlı qarşıdurmaya son verilməsi ilə bağlı 1701 saylı qətnaməni 11 avqust 2006-cı ildə yekdilliklə qəbul etmişdi.
Qətnaməyə əsasən, İsrailin Mavi Xəttin arxasına çəkilməsi, bu xəttlə Livandakı Litani çayı arasında yerləşən bölgənin silahsızlaşdırılması, həmin ərazidə yalnız Livan ordusuna və UNIFIL-ə aid silah və hərbi texnikanın yerləşdirilməsi nəzərdə tutulur.