BAKI, AzerVoice, Nailə Babazadə
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) açıqlayıb ki, Livanın cənubunda yol təmizləmə işi aparan sülhməramlı qüvvələrin yaxınlığına işğalçı İsrail ordusu tərəfindən 4 qumbara atılıb. Bu hadisə, 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəs sazişindən bəri "ən ciddi hücumlardan biri" hesab olunur.
AzerVoice xəbər verir ki, UNIFIL-in Telegram hesabında yayımlanan açıqlamada, Livanın cənubunda yerləşən yolları bağlayan baryerlərin sülhməramlı qüvvələr tərəfindən təmizləndiyi zaman İsrailə məxsus dronların Mavi Xətt yaxınlığındakı BMT mövqeləri yaxınlığına dörd əl qumbarası atdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, bu hücum atəşkəs razılaşmasından sonra UNIFIL personalına və onların əmlakına qarşı həyata keçirilmiş ən ciddi hücumlardan biri sayılır.
İsrail ordusu tərəfindən atılan qumbara partlayışlarından biri BMT personalının 20 metr, digər üçü isə 100 metr uzaqlığa düşüb. Qeyd olunur ki, dronlar daha sonra Mavi Xəttin cənub hissəsinə geri dönüblər.
UNIFIL-in bildirdiyinə görə, Livanın cənubundakı Mervahin kəndi yaxınlığında aparılacaq yol təmizləmə işi barədə İsrail ordusu əvvəlcədən məlumatlandırılmışdı. Hücumdan sonra təhlükəsizlik səbəbilə həmin işlər dayandırılıb.
Bəyanatda vurğulanıb ki, BMT sülhməramlıları və onların əmlakını təhlükəyə atan, onların mandatına müdaxilə edən heç bir hərəkət qəbuledilməz deyil və bu, həm BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin, həm də beynəlxalq hüququn ciddi pozuntusudur.
UNIFIL-in mandatına əsasən, bölgədəki sülhməramlıların təhlükəsizliyini təmin etmək İsrail ordusunun birbaşa məsuliyyətidir.
Livanın vətəndaş müharibəsinə sürükləndiyi dövrdə, İsrail 1978-ci ildə Livan torpaqlarına daxil olaraq ölkənin cənubunu işğal etmişdi. Elə həmin il BMT Təhlükəsizlik Şurası İsraili qüvvələrini Livandan çıxarmağa çağırdı.
Livanın tələbi ilə, 1978-ci il martın 19-da BMT Təhlükəsizlik Şurası UNIFIL-i yaratdı. Missiyanın məqsədi İsrail ordusunun geri çəkilməsini təsdiqləmək, bölgədə sülh və təhlükəsizliyi bərpa etmək və Livan hökumətinə ölkənin cənubunda suverenliyini bərpa etməkdə yardımçı olmaq idi.
BMT Təhlükəsizlik Şurası, Livan ilə İsrail arasında 12 iyul 2006-cı ildə başlanan müharibəyə son qoyulmasını tələb edən 1701 saylı qətnaməni 11 avqust 2006-cı ildə yekdilliklə qəbul etmişdi.
Bu qətnamə, İsrailin Mavi Xəttin arxasına çəkilməsini, bu xətt ilə Litani çayı arasındakı ərazinin silahsızlaşdırılmasını və orada yalnız Livan ordusu və UNIFIL qüvvələrinin silahlı və texniki varlığının olmasını nəzərdə tutur.