BAKI, AzerVoice, Səməd Əyyubov
Yəməndəki “Ənsar Allah” hərəkatının husi qüvvələri İsrail ərazisində dörd obyektə dron hücumu həyata keçiriblər.
AzerVoice xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria husilərə məxsus “Al Masirah” telekanalında açıqlama verib.
Onun sözlərinə görə, zərbələr arasında İsrail Baş Qərargahının binası da olub. Hücumlara həmçinin Tel-Əvivdəki Ben Qurion hava limanı, Aşdod dəniz limanı və Tel-Əviv elektrik stansiyası da məruz qalıb. Husi nümayəndəsi bildirib ki, pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar uğurla hədəflərinə çatıb.
Bundan başqa, husilər Qırmızı dənizdə “MSC Aby” adlı gəmiyə həm dronlarla, həm də qanadlı raketlə zərbə endirdiklərini bəyan ediblər.
Xatırladaq ki, avqustun 24-də İsrail ordusu Yəmənin paytaxtı Sənada bir sıra obyektləri hədəfə almışdı. O vaxt hücum nəticəsində prezident sarayı, iki elektrik stansiyası və yanacaq anbarı vurulmuşdu.