BAKI, AzerVoice
İsrailin Ben Qurion hava limanının hava məkanı Yəməndən atılan raket səbəbindən bağlanıb.
AzerVoice xəbər verir ki, İsrail mediası, xüsusilə Kanal 12 televiziyası raketin aşkarlanmasından sonra paytaxt Təl-Əviv və ətraf bölgələrdə sirenlərin çaldığını bildirib. İsrail ordusunun məlumatına görə, Yəməndən atılan raket İsrailin mərkəzinə doğru yönəlibsə də, hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Buna baxmayaraq, raketin parçalarının müxtəlif ərazilərə düşdüyü qeyd edilib.
İsrailin fövqəladə yardım xidməti “Davudun Qırmızı Ulduzu” isə sirenlərdən sonra sığınacaqlara qaçan bəzi vətəndaşların yüngül xəsarətlər aldığını açıqlayıb. Lakin xəsarət alanların dəqiq sayı barədə məlumat verilməyib.
Digər tərəfdən, Yəməndəki husilər Ben Qurion hava limanı, Yaffa və Askalon bölgələrinin ballistik raket və pilotsuz uçuş aparatları ilə hədəf alındığını bəyan ediblər. Husilərin hərbi sözçüsü Yəhya Seri hücumda “Fələstin 2” adlı hipersonik ballistik raketdən istifadə edildiyini, bəzi hədəflərin uğurla vurulduğunu iddia edib. Onun sözlərinə görə, hücum milyonlarla israillinin sığınacaqlara üz tutmasına və hava limanında uçuşların dayandırılmasına səbəb olub.
Qeyd edək ki, yanvarın 19-da əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, husilər son aylarda İsrailə qarşı vaxtaşırı ballistik raket və PUA hücumları həyata keçirirlər.