BAKI, AzerVoice, Nərmin Ağayeva
Livanda Fələstin düşərgələrindən silahların təhvilinə start verilib.
AzerVoice xəbər verir ki, Livan-Fələstin Dialoq Komitəsinin sədri səfir Ramiz Dəməşq yazılı açıqlamasında paytaxt Beyrutdakı Bürc əl-Bərəcinah Qaçqınlar Düşərgəsində silahların təhvil verilməsi prosesinin birinci mərhələsinin başladığını bildirib. Onun sözlərinə görə, bu addım dövlətin silah üzərində monopoliya qərarının icrası çərçivəsində həyata keçirilir.
Dəməşq qeyd edib ki, proses qarşıdakı həftələrdə Bürc əl-Bərəcinah və digər düşərgələrdə də davam etdiriləcək. O, həmçinin silahların təhvilinin 21 may 2025-ci ildə Livan prezidenti Cozef Aun və Fələstin prezidenti Mahmud Abbas arasında keçirilən sammitdə qəbul olunmuş qərarların icrası ilə bağlı olduğunu vurğulayıb.
Məlumata görə, geniş təhlükəsizlik tədbirlərinin görüldüyü proses çərçivəsində Livan ordusunun hərbi texnikası və əsgərləri düşərgəyə yerləşdirilib.
Qeyd edək ki, Livanda 1948-ci ildən bəri mövcud olan 12 qaçqın düşərgəsində 200 mindən çox fələstinli yaşayır. 1969-cu il Qahirə razılaşmasına əsasən, düşərgələrin daxili təhlükəsizliyi Fələstin qrupları tərəfindən təmin olunur, Livan ordusu isə giriş-çıxışlara nəzarət edir.