BAKI, AzerVoice, Nərmin Ağayeva
Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) rəhbəri Diodato Abagnara bəyan edib ki, onların əsas missiyası Livan ordusuna dəstək göstərmək və ölkənin suverenliyini təmin etməkdir.
AzerVoice xəbər verir ki, Livan mətbuatına açıqlamasında Abagnara UNIFIL-in “Livanın cənubunda sülh və sabitliyi möhkəmləndirmək” vəzifəsini daşıdığını bildirib. O, təşkilatın mandatının aydın olduğunu – bütün pozuntuları qeydə almaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasını təmin etməkdən ibarət olduğunu vurğulayıb.
Abagnara əlavə edib ki, UNIFIL-in əsas vəzifəsi Livan ordusunun cənubda hakimiyyətini gücləndirmək, təhlükəsizliyi təmin etmək və yerli əhalini qorumaqdır. O, bölgənin yerli hakimiyyət orqanlarına əməkdaşlığa görə təşəkkür edib.
Digər tərəfdən, “İsrail Hayom” qəzetinin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-a rəsmi məktub göndərərək, UNIFIL-in Livandakı missiyasının dayandırılmasını tələb edib. Saar iddia edib ki, UNIFIL “Hizbullahın Litani çayının cənubunda yerləşməsinin qarşısını almaqda uğursuz olub”.
Qeyd edək ki, UNIFIL 1978-ci ildə İsrailin Livanı işğalı fonunda yaradılıb. 2006-cı ildə qəbul edilən 1701 saylı qətnamə isə İsrailin Mavi Xəttin arxasına çəkilməsini və bölgənin Livan ordusu ilə UNIFIL tərəfindən nəzarətdə saxlanılmasını nəzərdə tutur. ABŞ son BMT Təhlükəsizlik Şurasının qapalı iclasında mandatın yalnız bir il müddətinə uzadılmasını dəstəkləyib.