BAKI, AzerVoice
Suriyanın prezidenti Əhməd əş-Şəraa ölkənin cənubundakı Süveyda vilayətində baş verən qarşıdurmalar və İsrailin son hərbi müdaxiləsi fonunda xalqa müraciət edərək milli birlik və sabitlik çağırışı edib.
AzerVoice xəbər verir ki, Şəraa, İsrailin Suriyanı parçalamaq və ölkəni xaosa sürükləmək məqsədilə həyata keçirdiyi hücumlara qarşı güclü iradəyə və müqavimətə sahib olduqlarını vurğulayıb.
Şəraa çıxışında bildirib ki, İsrail uzun illərdir Suriyada daxili qarşıdurmalar yaratmaq niyyətindədir və bu məqsədlə müxtəlif təxribatlara əl atır.
“Bugünkü mübarizəmiz ölkəmizin birliyini, xalqımızın şərəfini və milli müqavimət ruhunu qorumaq üçündür. İsrailin bizi parçalamağa yönəlmiş bütün planlarını boşa çıxaracaq iradəyə sahibik. Suriya heç vaxt xarici güclərin sınaq sahəsinə çevrilməyəcək”- deyə o bildirib.
O həmçinin, Dürzi toplumuna xüsusi müraciətində onların dövlətin himayəsində olduğunu, hüquq və azadlıqlarının qorunmasının prioritet olduğunu bildirib.
Şəraa bəyan edib ki, bəzi qeyri-qanuni qruplar aylarla aparılan dialoq təşəbbüslərini rədd edib, şəxsi maraqları önə çəkərək son günlərdə mülki əhaliyə qarşı cinayətlər törədiblər. Müdafiə və Daxili İşlər Nazirliklərinin Süveydada təhlükəsizliyi təmin etmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində bu qrupların zərərsizləşdirildiyi və bölgədə nisbi sabitliyin bərpa olunduğu vurğulanıb.
Prezident Şəraa, İsrailin dövlət və mülki obyektlərə qarşı genişmiqyaslı hücumlarının bölgədə toqquşmaları alovlandırdığını, lakin bu prosesin ABŞ, bəzi ərəb ölkələri və Türkiyənin vasitəçiliyi ilə dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, 13 iyul tarixində Süveyda vilayətində Bədəvi ərəb tayfaları ilə Dürzi silahlı qrupları arasında qarşılıqlı adam qaçırma və qarşıdurmalar baş verib. Hökumət qüvvələrinin bölgəyə daxil olmasından sonra şiddətli toqquşmalar qeydə alınıb və onlarca hərbçi həyatını itirib. Qısa müddətli atəşkəs əldə edilsə də, razılaşma pozulub və ardınca İsrail ordusu Suriyanın təhlükəsizlik strukturlarını hədəfə alıb.
Son günlərdə İsrail Hərbi Hava Qüvvələrinin Suriya Prezident Administrasiyası, Baş Qərargah və Müdafiə Nazirliyi binalarını vurduğu, həmçinin Şam və Dəraya hücumlar təşkil etdiyi bildirilir. Qeyri-rəsmi məlumatlara görə, Süveyda və ətraf bölgələrdə baş verən qarşıdurma və hücumlarda yüzlərlə insan həyatını itirib.
Suriya rəhbərliyi hazırda bölgədə atəşkəsi qorumağa və sabitliyi bərpa etməyə çalışır. Prezident Şaranın çıxışı, daxili həmrəyliyi möhkəmləndirməyə və xarici müdaxilələrin qarşısını almağa yönəlmiş siyasi mesaj kimi qiymətləndirilir.