Əsas səhifə » PKK-nın Suriya qolu PYD ilə Dəməşq arasında gərginlik alovlanıb

PKK-nın Suriya qolu PYD ilə Dəməşq arasında gərginlik alovlanıb

BAKI, AzerVoice

PKK-nın Suriya qolu olan PYD ilə Dəməşq administrasiyası arasında gərginlik yenidən alovlanıb.

AzerVoice xəbər verir ki, martın 10-da imzalanmış səkkiz maddəlik razılaşmaya baxmayaraq, Əhməd Şəraa hökuməti PYD-nin tələblərini rədd edərək ultimatum verib.

PYD tərəfi ABŞ və Fransa nümayəndələrinin də iştirak etdiyi son görüşdə öz lideri Məzlum Abdi üçün vitse-prezidentlik, nazirlik və bürokratik vəzifələr, eləcə də neft və sərhəd keçidlərindən gəlir payı tələb edib. Bundan əlavə, 10 min silahlı üzvünün Suriya ordusuna daxil edilməsi, bölgədə siyasi-inzibati qeydiyyat hüququ istənilib.

Dəməşq nümayəndələri PYD-nin davranışını “zamanı satın alma taktikası” adlandıraraq bu strategiyanın bağışlanmaz nəticələr doğuracağını bəyan ediblər. Görüşdə yalnız Suriya XİN rəhbəri və ABŞ ilə əlaqələr üzrə ofis direktoru iştirak edib. Prezident Əhməd Şəraa isə görüşə qatılmayıb.

Suriya tərəfi PYD-yə razılaşmanın müddətinin uzadılmayacağını və Deyr əz-Zor çölündən dərhal çıxmalı olduqlarını açıq şəkildə bildirib.

Məlumata görə, PYD nümayəndələrinin təkidli tələblərinə ABŞ-ın Suriyadakı nümayəndəsi sərt reaksiya verərək onları dinləmədən iclas otağını tərk edib. Görüşdən bir gün sonra isə Suriyanın müxtəlif bölgələrində iğtişaşlar müşahidə olunub.

Qeyd edək ki, PYD və Dəməşq arasında mart ayında imzalanmış razılaşmanın əsas məqsədi ərazi vahidliyinin qorunması və siyasi inteqrasiyanın təşviq edilməsi idi. Lakin PYD-nin artan tələbləri tərəflər arasında qarşıdurmanı yenidən gücləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice