Əsas səhifə » İsrail Süveydada Suriya qüvvələrini geri çəkilməyə çağırıb

İsrail Süveydada Suriya qüvvələrini geri çəkilməyə çağırıb

BAKI, AzerVoice

İsrailin müdafiə naziri İsrael Katz Suriya hökumətinə sərt xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, nazir bildirib ki, əgər Şam rejimi ölkənin cənubundakı Süveyda bölgəsindən qoşunlarını geri çəkməsə, İsrail bölgədəki hərbi əməliyyatlarını genişləndirəcək.

“Suriyaya mesajımız aydındır, Süveyda boşaldılmasa, İsrail cavab səviyyəsini artıracaq” – deyə Katz qeyd edib.

Nazir həmçinin İsrailin bölgədə silahsızlaşdırma siyasətini davam etdirəcəyini, xüsusilə Dürzi icmasını qorumağa çalışdıqlarını bildirib.

Qeyd edək ki, son günlərdə Süveyda bölgəsində Dürzi və Bədəvi qəbilələri arasında gərginlik artıb. Dürzi qruplarının bəzi Bədəvi qəbilələrinə məxsus avtomobillərə əl qoyması və bunun ardından qarşılıqlı adam oğurluqları ilə başlayan gərginlik silahlı toqquşmalara çevrilib. Nəticədə azı 30 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Suriya Müdafiə və Daxili İşlər Nazirlikləri bölgəyə əlavə hərbi qüvvələr göndərib. Lakin bu qüvvələrin keçdiyi konvoylara silahlı hücumlar olub, nəticədə 18 əsgər həlak olub, 9 nəfər isə əsir götürülüb.

Sözügedən gərginlik fonunda İsrail Suriya ərazisində yerləşdirilən konvoylara beş hava zərbəsi endirib. Hücumlar əsasən Süveyda ətrafında Müdafiə və Daxili İşlər Nazirliklərinə bağlı hərbi hissələri hədəf alıb. İsrail bu addımlarını öz vətəndaşlarını və Dürzi icmasını qorumaq məqsədilə atdığını bəyan edib.

Suriya müdafiə naziri general Məhrəf Əbu Qəsrə bölgədə atəşkəs elan olunduğunu açıqlayıb. Onun sözlərinə görə, vəziyyətin nəzarət altına alınması üçün yerli qüvvələrə sakitliyi qorumaq və təmkinli davranmaq göstərişi verilib.

Digər Kateqoriyalar

2025 © Azervoice