BAKI, AzerVoice
Dürzi lider Hikmət əl-Hicri Süveyda atəşkəsini rədd etdi.
AzerVoice xəbər verir ki, Suriyanın Süveyda vilayətində Dürzi silahlı qrupları ilə ərəb tayfaları arasında baş verən silahlı toqquşmalar fonunda əldə olunan atəşkəs razılaşması mübahisəli hal alıb.
Dürzilərin ruhani liderlərindən biri olan Hikmət əl-Hicri rəsmi şəkildə atəşkəsi rədd etdiyini bəyan edib. O, yerli əhalini hökumət qüvvələrinə qarşı çıxmağa çağırıb.
13 iyul tarixində Süveyda vilayətində Bədəvi ərəb tayfaları ilə Dürzi silahlı qrupları arasında qarşılıqlı adam qaçırma hadisələri nəticəsində bölgədə silahlı qarşıdurmalar başlayıb. Hadisələrin artmasından sonra Şam rəhbərliyi təhlükəsizliyi təmin etmək məqsədilə Müdafiə və Daxili İşlər nazirliklərinə tabe qüvvələri bölgəyə göndərib.
15 iyul səhəri Süveydaya daxil olan dövlət qüvvələri ilə yerli silahlı qruplar arasında şiddətli toqquşmalar qeydə alınıb.
Suriya Müdafiə naziri Murhaf Əbu Kasra bölgədə atəşkəs elan etdiklərini, lakin istənilən silahlı hücum və ya atəş açılması halında qarşılıq veriləcəyini açıqlayıb.
Əvvəlcə hökumət qüvvələrinin şəhərə girişinə razılıq verdiyi bildirilən Hikmət əl-Hicri, bir neçə saat sonra mövqeyini dəyişib və Süveyda əhalisini dövlət qüvvələrinə qarşı müqavimət göstərməyə çağırıb. Onun bu çıxışı razılaşmanın icrasını ciddi şəkildə şübhə altına alıb.
Qarşıdurmanın davam etdiyi bir vaxtda İsrailin Şam və Dəra şəhərlərini bombardman etməsi regional gərginliyi daha da artırıb. Bu hadisələrdən dərhal sonra Suriya hökuməti ilə Dürzi nümayəndələri arasında atəşkəs razılaşması əldə olunsa da, əl-Hicrinin bunu açıq şəkildə rədd etməsi bölgədə sabitliyin qısa müddətli ola biləcəyini göstərir.
Dürzi liderlər arasında fikir ayrılığı da müşahidə olunur. Ruhani liderlərdən biri olan Yusif Cerbu, "Süveydadakı acı olaylardan sonra dövlətlə təmas qurduq və bir razılığa gəldik," – deyə açıqlama verərək rəsmi strukturlarla dialoqu dəstəklədiyini bildirib.
Hazırda Süveyda vilayətində vəziyyət qeyri-müəyyən olaraq qalır. Rəsmilərin elan etdiyi atəşkəsə baxmayaraq, yerli silahlı qrupların və dini liderlərin fərqli mövqeləri səbəbindən bölgədəki qarşıdurmaların yenidən alovlanma riski qalmaqdadır.