Əsas səhifə » Suriyada yanğınlar davam edir

Suriyada yanğınlar davam edir

BAKI, AzerVoice

Suriyanın sahilyanı bölgəsi olan Lazkiyə vilayətində meşə yanğınları davam edir.

AzerVoice-un məlumatına görə, Suriyanın Mülki Müdafiə İdarəsinin verdiyi açıqlamada bildirilib ki, İordaniya mülki müdafiə qüvvələri Lazkiyə kəndlərindəki meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Suriyanın mülki müdafiə qüvvələrinə dəstək vermək üçün sahil bölgəsinə yola düşüblər.

Yanğınsöndürmə briqadaları artıq ardıcıl olaraq dörd gündür fasiləsiz şəkildə işlərini davam etdirirlər. Onlar sərt iqlim şəraiti, güclü küləklər və bölgədəki müharibə qalıqları kimi ciddi çətinliklərlə üzləşirlər. Həmin müharibə qalıqları işlərin gedişatına mane olmaqla yanaşı, əməliyyatlarda iştirak edən şəxslər üçün təhlükə yaradır.

Yanğınsöndürmə əməliyyatlarında Suriyanın mülki müdafiəsinə məxsus 62 yanğınsöndürmə briqadası iştirak edir. Onlara iki helikopter və Türkiyə tərəfindən göndərilmiş 11 texnika dəstək verir.

Eyni zamanda, Suriyanın Təcili Yardım və Fövqəladə Hallar Nazirliyi bildirib ki, sahil bölgəsində meşə yanğınlarının genişlənməsi fonunda bir neçə yerli təşkilatla əməkdaşlıq çərçivəsində sahə üzrə birgə əməliyyat otağı yaradılıb. Məqsəd Lazkiyənin şimal bölgəsindəki yanğının söndürülməsində lojistik və texniki dəstək göstərməkdir.

Suriyanın Təcili Yardım və Fövqəladə Hallar naziri Raid əs-Saleh “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib: "Əməliyyat otağı yanğınsöndürmə qruplarını dəstəkləmək üçün su daşıyan maşınların təminatına başlayıb. Həmçinin, təlim keçmiş könüllülərdən ibarət yanğınsöndürmə qrupları formalaşdırılır və alovun yayılmasının qarşısını almaq üçün torpaqda yanğın izolyasiyası xəttləri çəkməyə yarayan ağır texnikalar təqdim edilir."

Nazir bu çətin şəraitdə yardım və dəstək göstərən bütün təşkilatlara və fərdlərə təşəkkür edib.

Digər Kateqoriyalar

2025 © Azervoice