Əsas səhifə » 2024-cü ildə Türkiyəyə ən çox köç edənlər Azərbaycan vətəndaşları olub

2024-cü ildə Türkiyəyə ən çox köç edənlər Azərbaycan vətəndaşları olub

BAKI, AzerVoice

2024-cü ildə Türkiyəyə köç edənlərin sayı azalıb.

AzerVoice xəbər verir ki, Türkiyə Statistika Təşkilatı 2024-cü ilə dair beynəlxalq miqrasiya statistikasını açıqlayıb. Rəsmi məlumatlara görə, 2024-cü ildə Türkiyəyə köç edənlərin sayı əvvəlki illə müqayisədə 0,6 faiz azalaraq 314 min 588 nəfərə düşüb.

Köç edənlərin 54,5 faizini kişilər, 45,5 faizini isə qadınlar təşkil edib. Türkiyəyə gələnlərin 103 min 732 nəfəri Türkiyə vətəndaşı, 210 min 856 nəfəri isə xarici vətəndaşdır.

Ən çox miqrasiya Azərbaycandan olub — ümumi xarici miqrantların 9,9 faizini Azərbaycan vətəndaşları təşkil edib. Bu ölkəni Türkmənistan (9,8%), Özbəkistan (7,6%), Rusiya (7,5%) və İran (5,9%) vətəndaşları izləyib.

Türkiyədən xaricə miqrasiya edənlərin sayı isə daha kəskin azalıb — 2023-cü illə müqayisədə 40,6 faiz enərək 424 min 345 nəfər olub. Onların 55,7 faizi kişi, 44,3 faizi isə qadın olub. Miqrantların 151 min 140 nəfəri Türkiyə vətəndaşı, 273 min 205 nəfəri isə xarici vətəndaşdır.

Ən çox Türkiyəyə köç edənlər arasında 20-24 yaş qrupu (14,7%) üstünlük təşkil edib. Onları 25-29 yaş qrupu (12,1%) və 30-34 yaş qrupu (10,3%) izləyib. Eyni zamanda, Türkiyədən köç edənlərin arasında isə 25-29 yaş qrupu (14,4%) birinci olub.

Ən çox miqrant qəbul edən vilayət İstanbul olub — ümumi miqrantların 32,8 faizi bu şəhəri seçib. İstanbuldan sonra Antalya (8,5%), Ankara (7,4%), Mersin (5,5%) və İzmir (3,7%) gəlir.

Eyni zamanda, Türkiyədən xaricə ən çox miqrasiya İstanbuldan (34%) baş verib. Onu Ankara (8,5%), Antalya (7,8%), İzmir (3,3%) və Mersin (3,3%) izləyib.

Türkiyədən köç edən xarici vətəndaşlar arasında ilk yerdə İraq vətəndaşları (17,4%) olub. Daha sonra Əfqanıstan (13,1%), Rusiya (10,2%), İran (5,9%) və Türkmənistan (5,8%) vətəndaşları gəlir.

Digər Kateqoriyalar

2025 © Azervoice