Əsas səhifə » Enerjidə tam müstəqil Türkiyə yolunda irəliləyirik - Ərdoğan

Enerjidə tam müstəqil Türkiyə yolunda irəliləyirik - Ərdoğan

BAKI, AzerVoice

Prezident Ərdoğandan Göktəpə-3 qaz yatağı ilə bağlı açıqlama - “75 milyard kubmetr yeni ehtiyat aşkar edilib.”

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Fizika Müalicə və Reabilitasiya Təhsil və Araşdırma Xəstəxanasının açılış mərasimində çıxışı zamanı ölkənin enerji sahəsində əldə etdiyi yeni uğurlarla bağlı açıqlamalar verib.

Prezident, Göktəpə-3 quyusunda 75 milyard kubmetr həcmində yeni təbii qaz yatağının aşkar edildiyini və bunun ölkə iqtisadiyyatına 30 milyard dollarlıq töhfə verəcəyini bildirib.

Ərdoğan qeyd edib ki, qazma işləri martın 27-də 7-ci nəsil qazma gəmisi “Abdülhamid Han” ilə başlanılıb və 49 günlük qazma, karotaj və sınaq mərhələsindən sonra 2154 metr su dərinliyində, ümumilikdə 3500 metr dərinlikdə qaz yatağı kəşf edilib.

“Türkiyəni bir uğurdan digərinə apardığımız əsas sahələrdən biri də enerjidir. Biz nüvə, hidroelektrik, külək, günəş, neft və təbii qaz sahələrinə böyük sərmayələr yatırmışıq. Bu səylər nəticəsində ölkəmiz həm enerji körpüsünə çevrilir, həm də ehtiyatlarını şaxələndirir”, – deyə o vurğulayıb.

Ərdoğan əlavə edib ki, Aralıq dənizində 11, Qara dənizdə isə 38 qazma əməliyyatı həyata keçirilib. “Sakarya qaz yatağındakı kəşfimiz millətimiz üçün dönüş nöqtəsi oldu. Bu sahədə həm daxildə, həm də beynəlxalq səviyyədə geniş əməkdaşlıqlar qurmuşuq. Enerjidə müstəqillik üçün mübarizəmizi davam etdiririk”, – deyə Prezident qeyd edib.

Qeyd olunub ki, Qara dəniz qazının hasilatının birinci mərhələsi artıq başa çatıb və gündəlik 9,5 milyon kubmetr hasilatla 4 milyon ev təsərrüfatının ehtiyacları qarşılanır. Prezident, 2026-cı ildə hasilatın ikiqat, 2028-ci ildə isə dördqat artırılmasının planlaşdırıldığını da açıqlayıb.

Yeni kəşfin Sakarya layihəsi çərçivəsində üzən istehsal platformaları vasitəsilə iqtisadi dəyərinin daha da artırılacağı bildirilir. Ərdoğan, enerji sektorundakı bütün nailiyyətlərin Türkiyənin “Türk Əsri” vizyonuna doğru bir addım olduğunu bildirib.

Ərdoğan çıxışının sonunda kəşfdə əməyi keçən bütün mütəxəssislərə və Enerji və Təbii Sərvətlər Nazirliyinə təşəkkürünü bildirib və yeni qaz yatağının ölkəyə və xalqa xeyirli olmasını arzulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice