Əsas səhifə » Hindistan və Pakistan arasında barışın bərqərar olması üçün səylərimizi davam etdiririk - Ərdoğan

Hindistan və Pakistan arasında barışın bərqərar olması üçün səylərimizi davam etdiririk - Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistan ilə Pakistan arasında son vaxtlar yaşanan gərginliklə bağlı Türkiyənin vasitəçilik təşəbbüslərini davam etdirdiyini bildirib.

AzerVoice xəbər verir ki, Prezident Ərdoğan, Avropa Siyasi Birliyinin Altıncı Zirvə Toplantısında iştirak etmək üçün səfər etdiyi Albaniyanın paytaxtı Tiran şəhərindən qayıdarkən, təyyarədə jurnalistlərin gündəmə dair suallarını cavablandırıb və bir sıra mühüm açıqlamalar verib.

Ərdoğan, Hindistan–Pakistan gərginliyi ilə bağlı olaraq bildirib ki, bu mövzuda Türkiyə üzərinə düşəni etməyə hazırdır:

“Bu məsələ ilə bağlı əlimizdən gələn səyləri göstəririk. Nəticə etibarilə, Pakistan Baş naziri Şahbaz Şərif ilə hər cür görüşmələr etdik. ‘Biz nə edə bilərik, sizə necə kömək edə bilərik?’ suallarını verərək birgə planlar hazırladıq. Atdığımız addımlarla müəyyən irəliləyiş əldə olundu. Nəhayət, barış təmin edildi və bölgədə sükunət bərpa olundu,” – deyə Prezident bildirib.

Ərdoğan əlavə edib ki, gərginliyin yenidən alovlanmaması üçün məsələlərin təmkinlə və dialoqla həll olunması vacibdir:

“Biz barış istəyirik. İki qonşu ölkə arasında gərginlik olmasın. Əgər tərəflərdən rəsmi müraciət olarsa, Türkiyə olaraq üzərimizə düşəni etməyə hər zaman hazırıq. İstəyimiz beynəlxalq təşkilatların da cəlb edildiyi və insan hüquqlarına əsaslanan bir yanaşma ilə bu məsələnin həllidir.”

Digər Kateqoriyalar

2025 © Azervoice