Əsas səhifə » Netanyahunun istədiyi "Yeni Yaxın Şərq” və “İsrail 2.0” Planı nədir?

Netanyahunun istədiyi "Yeni Yaxın Şərq” və “İsrail 2.0” Planı nədir?

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

2024-cü ilin dekabrında Suriyada Bəşşar Əsəd rejiminin süqutundan sonra İsrail Baş naziri Benyamin Netanyahu ordusunun yeni işğal etdiyi Şeyx dağının zirvəsində dayanaraq İsrailin bu ərazidə uzun müddət qalacağını elan etdi.
Üç ay sonra, 2025-ci ilin martında ora qayıdaraq dedi: «Biz Yaxın Şərqin simasını dəyişdik». Bu bəyanat Netanyahunun rəqibləri tərəfindən istehza ilə qarşılandı.
Onlar soruşdular ki, bu dəyişiklik İsrailin maraqlarına uyğundurmu, yoxsa əksinə? Lakin onun sosial şəbəkələrdəki fəal tərəfdarları bunu “tam qələbə” kimi qeyd etdilər. Təhlükəsizlik orqanları isə köhnə siyirtmələri açıb, regionda İsrailin nüfuzunu genişləndirmə planlarına əsaslanan köhnə xəritələri çıxardılar. Bu təəccüblü deyil; çünki İsrail “qonşu ölkələr”in hər biri üçün uzunmüddətli nəzarət və işğal planları hazırlayır.
Hazırkı hökumətdə bu planlarla kifayətlənməyən, daha çox istəyən partiyalar da var. Bu partiyalar kiçik və radikal görünsə də, Netanyahunun və İsrail siyasətinə ciddi təsir göstərirlər. Məhz onlar müharibənin dayandırılması və əsirlərin məsələsinin həllini əngəlləyir, Livanda atəşkəs razılaşmasının icrasını əngəlləyir və İordan çayının qərb sahilində İsrailin suverenliyini tətbiq etmək üçün “fakt yaratmağa” çalışırlar.

Yeri gəlmişkən, İsrailin genişlənmə planları təkcə sağçılardan gəlmir, həm də təhlükəsizlik orqanlarından qaynaqlanır və siyasi rəhbərlik tərəfindən də aktiv dəstəklənir.

Bəziləri yeni plandır, lakin tarixdən qaynaqlanır. Sionist hərəkatın dövlətin sərhədlərini “Nil çayından Fərata qədər” uzatmaq planları zamanı – İsrail bayrağındakı iki mavi zolağın arasındakı “Davud ulduzu” da məhz bu sərhədlərə işarə edir. Lakin “təvazökarlıq” edərək cənub Suriyası, cənub Livan, İordaniya vadisi (çayın şərq sahili), Qəzza və Sina yarımadasının bəzi hissələri ilə kifayətləndilər.

Misqav” Araşdırma Mərkəzi ötən mart ayında “İsrail 2.0” adlanan yeni İsrail planını hazırladı.

Bu, sadəcə bir tədqiqat mərkəzi deyil, Netanyahunun tabeliyində olan ideologiya mərkəzidir. Yalnız 2023-cü ildə yaradılıb və rəhbəri Meir Ben Şabatdır – o, hökumətdə milli təhlükəsizlik müşaviri və Netanyahunun ərəb və Qərb ölkələrindəki xüsusi nümayəndəsi olub.

Mərkəz layihənin girişində deyir: “7 oktyabr 2023-cü il hücumu İsrail dövləti və İsrail cəmiyyəti üçün sadəcə bir siqnal deyil. Bu, oyun qaydalarını dəyişdirən və dövləti, cəmiyyəti tez bir şəkildə düşünməyə və dəyişiklik zərurətini dərk etməyə məcbur edən bir hadisədir. İsrail dövləti ümumi bir yenidən təşkilatlanma prosesi keçirməlidir, milli mifini dəyişdirməli və onu dəyişən şərtlərə uyğunlaşdırmalıdır. Yəhudi suverenliyi ənənəsinə əsaslanan, təxminən səkkiz onillik ərzində mövcud olan İsrail – indi yenidən doğulmalı, özünü yeniləməli və qarşıdakı onilliklərə hazırlaşmaq üçün kimliyini yenidən formalaşdırmalıdır. Bir çox cəhətdən, bu müharibə bir dirçəliş müharibəsidir, çünki dərin qaranlığın içindən böyük bir işıq çıxır və dağıntıların arasından yeni bir dövlət doğur.

Onlar dirçəlişi necə görürlər?
Dirçəliş o deməkdir ki, “İsrailin mümkün qədər geniş siyasi çərçivədə, yəni Knessetdə müxalifətin iştirakı ilə və ABŞ-la mümkün qədər geniş strateji anlaşmalar çərçivəsində həyata keçirməyə çalışacağı strateji məqsədləri müəyyənləşdirilməlidir. Bu, aşağıdakı əsas məsələlər üzrə razılaşmaları da əhatə etməlidir: İranın nüvə seçimini aradan qaldırmaq, Yaxın Şərqdə yeni geosiyasi quruluş və Suriyada maraqların bölüşdürülməsi ilə bağlı Türkiyə ilə anlaşmalar əldə etmək, Misirin sülh sazişini pozmasına son qoymaq, və İsrailin gələcəkdə özünün şimal bölgəsini formalaşdırmaq üçün daha çox müstəqillik, qətiyyət və təşəbbüskarlıqla hərəkət etməsi üçün bu tarixi fürsətdən istifadə etmək. Suriya ordusunun qalıqlarının məhv edilməsi və Suriyayla sərhəddə İsrail mövcudluğunun gücləndirilməsi üzrə hərbi əməliyyatlarla yanaşı, gələcəkdə Suriya rejiminin İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün siyasi səviyyədə də hərəkət edilməlidir.

Eyni zamanda, hazırda həm maliyyə naziri, həm də müdafiə nazirliyində ikinci nazir olan Betsalel Smotriç 2017-ci ildə “Haşiloah” jurnalında “həlletmə planı”nı yayımlayaraq, İordaniyanı “Fələstin dövləti” olaraq gördüyünü bəyan etmişdi.

Müharibənin əvvəlində Netanyahunun özü də “ərəb şüurunun yenidən dizayn edilməsinin” zəruriliyindən danışmışdı. Məsələn, Yaponiyada və Almaniyada olduğu kimi. Yaponlar ordularını, almanlar isə nasistləri nifrətlə yad edirdilər. Hər iki xalq ABŞ-ı “onları bu mirasdan qurtaran” kimi tərifləyirdi. İsrailin genişlənmiş, güclü və dominant mövqeyə sahib olması (yəni Suriya və Livan da daxil) bu inamı reallaşdırmağın ən qısa yoludur.

Ordu hökumətin əhvalını dərhal mənimsəyərək, 7 oktyabr təcrübəsindən faydalanaraq öz hərbi doktrinasını dəyişdiyini elan etdi. Həmin gün “HƏMAS” tərəfindən həyata keçirilən hücuma bənzər bir hücumun bütün “qonşu ölkələrdən” baş verə biləcəyi ehtimal edilirdi. Bu səbəbdən bütün cəbhələrə qarşı ehtiyat və narahatlıq var. Buna əsasən İsrailin təhlükəsizliyi artıq yalnız öz gücünə əsaslanaraq qorunacaq və qoruyucu müdafiədən hücum müdafiəsinə – yəni qabaqlayıcı zərbələrə keçiləcək.

Bundan əlavə, “qonşu ölkələrlə” üç “təhlükəsizlik dairəsi” yaradılmasına qərar verildi:

  • Birinci dairə: İsrail sərhədləri daxilində güclü müdafiə xətti, qoşun toplanması, sərhədlər boyunca müdafiə xətti qazılması və elektron nəzarət şəbəkəsi

  • İkinci dairə: “Düşmən ərazisi” daxilində, sərhədlər boyunca yalnız İsrail icazəsi ilə daxil oluna biləcək “təhlükəsizlik zolağı” (belə zonalar cənub Livanda, SuriyadaQəzzada artıq mövcuddur)

  • Üçüncü dairə: Qonşu dövlətin dərinliklərində “silahsız zona”nın elan edilməsi (Suriyada bu zona Dəməşqdən cənuba və qərbə qədər, Livanda Litani çayından cənuba, Qəzzada isə bütün zolaq). Bu plan artıq faktiki olaraq həyata keçirilməyə başlanıb.

Beləliklə, ordu, sağçı siyasi rəhbərliyin “İsrail siyasətinin dəyişdiyini və qonşu ölkələrdə təsirli mövqe istədiyini” göstərən qərarlar qəbul etməsi üçün zəmin hazırladı. Bu siyasət aşağıdakı şəkildə həyata keçirilir:

Suriya
Suriyaya gəldikdə, onlar köhnə siyirtmələri açaraq, sionistlərin Suriyanın Colan ərazisi və su mənbələri üzərində nəzarət planlarını yenidən gündəmə gətirdilər. Bu plan ilk dəfə 1919-cu ildə Versal Konfransında,Sayks-Piko” sazişlərini dəyişdirmək cəhdləri zamanı təqdim olunmuşdu. 1925-ci ildə isə Suriyanın (və Livanın) bölünərək “şərqdə İsrailin qonşusu olacaq” druz dövləti yaradılması təklif olunmuşdu.
Sionist hərəkat bu məqsədlə Colanda 450 min hektar torpaq ayırmışdı. 2025-ci ilin 9 yanvarında İsrailin yüksək vəzifəli rəsmisi “Yediot Aharonot” qəzetinə bildirib ki: “Dünya, yeni Suriya rejiminin təhlükəsini görməzdən gəlir. Rəhbərliyi, Qərbə yaxınlaşmaq istəyi göstərsə də, qlobal İslamçı cihadın orijinal bir hissəsidir. Qərbin və hətta İsrailin maraqlarına dair verdikləri müsbət siqnallar uzunmüddətli planın bir hissəsidir (özünü zəif göstərmək – güclənmək üçün), və onlar gücləndikdə əsl simalarını göstərəcəklər. Bu, bir il, iki il və ya 10-20 il çəkə bilər, amma onlar strateji məqsədlərindən əl çəkməyəcəklər.

8 mart tarixində “Maariv” qəzetinə əsasən Netanyahu bildirib ki, “İsrail ordusu Dəməşqin cənubunda heç bir silahlı qüvvənin yerləşməsinə icazə verməyəcək və o ərazilərdə təsirini qoruyacaq. Bu, yalnız İsraillə Suriya arasında imzalanacaq beynəlxalq bir razılaşma ilə və tam təhlükəsizlik təminatları ilə başa çatacaq sülh müqaviləsi ilə dəyişə bilər.” Məsələ də buradadır. Netanyahu, Suriyaya edilən təzyiqlərin məqsədinin “sülh sazişi” əldə etmək olduğunu açıq şəkildə bildirir – müharibə vəziyyətinə və “nə müharibə, nə sülh” statusuna son qoymaq istəyir. Plana əsasən isə bu vaxta qədər isə Netanyahu Türkiyə ilə Suriyada təsir dairələrinin bölünməsi üzrə danışıqlar aparır.

O, yeni Suriya rəhbərliyinin və Türkiyənin, Bəşşar Əsəd rejiminin süqutunda əsas rolun Tel-Əvivə aid olduğunu tanımasını istəyir və bunun qarşılığında “mükafat” tələb edir. Əhməd əş-Şəraa sadəcə müharibədə maraqlı olmadığını və 1974-cü il qüvvələrin ayrılması razılaşmasına sadiq olduğunu açıqladıqda isə, İsrail ona sərt şəkildə cavab verdi – Suriya ordusunun mövqelərinə 500-dən çox hava zərbəsi endirdi və onun “təxminən 85 faiz müdafiə qabiliyyətini” məhv etdiyini iddia etdi.
Hums hava limanından tutmuş Dəməşqin mərkəzinə qədər hücumlarını davam etdirdi və 1967-ci ildən işğalda olan Colan təpələrinin şərqindəki 400 kvadrat kilometr ərazini və Şeyx dağının bütün zirvələrini ələ keçirdi.

Ben Qurion Universitetinin tarixçisi professor Avi Barieli hesab edir ki, : “Netanyahunun hökumətinin Suriyadan tələb edəcəyi ən az şey Türkiyə ilə təsir bölgüsünün razılaşdırılmasıdır.İsrailin maraqları üçün, hazırda – yəni İran təhlükəsi davam etdiyi müddətcə, eləcə də gələcəkdə – Türkiyə ilə birbaşa qarşıdurmadan qaçmaq vacibdir.

“Biz NATO üzvü olan güclü bir dövlətlə toqquşmaq istəmirik. ABŞ-ın da marağı odur ki, onun iki əsas müttəfiqi – Türkiyə və İsrail – qarşıdurmaya getməsin və regionda sabitlik təmin edilsin. Qarşıdurmadan qaçmaq üçün isə bölgələrin aydın şəkildə bölüşdürülməsi vacibdir: Türkiyə və onun Dəməşqdə yaratdığı sistem, bizim ŞamDruz dağlarındakı mövcudluğumuzu anlayacaq və bu yaxınlarda olduğu kimi Dəraa bölgəsində sünniləri bizə qarşı qaldırmayacaq. İsrail isə Türkiyənin düşmənləri olan Suriya kürdlərini dəstəkləməyəcək. Bu açıq bölgü Suriyada sabitliyin açarıdır.”-deyə o bildirib.

Onun fikrincə Benyamin Netanyahu başqa bir məqama da işarə etmişdi: Suriya rəhbərliyini “İbrahim razılaşmalarına” qoşmaq. Məqsəd isə qarşılıqlı hörmətə əsaslanan sülh deyil, əksinə – Suriyanın zəiflik anından istifadə edərək, Qərbi Colan və cənubdan başlamaqla mümkün qədər çox Suriya torpağını İsrailə birləşdirməkdir.

Tel-Əviv hökuməti əmindir ki, “ərəb dünyası yalnız torpaq itirdikdə acı hiss edir və nəticə çıxarır”. Bu gün İsrailin nəzarətində olan ərazilərlə yanaşı, israillilər “Davud dəhlizi” adlandırdıqları – Cənubi Colandan Tənfə, oradan Deyr əz-Zora və İraq “Kürdüstanı” sərhədinə qədər uzanan xəttdən bəhs edirlər. İsrail, amerikalılar bölgəni tərk etdikdə bu xəttə nəzarəti ələ almaq istəyir.

Digər Kateqoriyalar

2025 © Azervoice