BAKI, AzerVoice
Rusiya Prezidenti Vladimir Putin, Rusiya ilə Ərəb Dövlətləri Liqası (ƏDL) arasında ilk yüksək səviyyəli Rusiya–Ərəb Sammitinin 15 oktyabr 2025-ci il tarixində keçiriləcəyini elan edib.
AzerVoice xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
Putin bildirib ki, Rusiya Ərəb Dövlətləri Liqası ilə konstruktiv dialoqu daha da inkişaf etdirməyə sadiqdir və bu çərçivədə bütün üzv ölkələrin liderlərini və Liqanın baş katibini sammitdə iştirak etməyə dəvət edir.
Putin vurğulayıb ki, qarşıdan gələn sammit Yaxın Şərq və Şimali Afrika regionlarında sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına, eyni zamanda ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası, ərəb dünyasını birləşdirən beynəlxalq təşkilatdır. Onun tərkibinə Misir, İraq, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Yəmən və digər ərəb ölkələri daxildir. Təşkilat həmçinin ərəb dili rəsmi statusda olan bəzi qeyri-ərəb dövlətləri ilə də əməkdaşlıq edir.