BAKI, AzerVoice
Beyrutdakı üç Fələstin düşərgəsində fələstinli silahlı qrupların mövcudluğu məsələsini həll etmək məqsədilə iyul ayının ortalarında fəaliyyətə başlayacaq Livan-Fələstin birgə komitələri yaradılacaq.
AzerVoice xəbər verir ki, bu barədə Livan prezidenti Cozef Aun bildirib.
Aun bu açıqlamanı ABŞ senatoru Anqus Kingin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdikdən sonra verib. O bildirib ki, ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına başlanması müsbət addımdır, çünki bu, Livanda yaşayan suriyalı qaçqınlar probleminin həllinə kömək edəcək.
Livan Prezidenti həmçinin vurğulayıb ki, BMT-nin humanitar yardımları Livan ərazisində deyil, məhz suriyalıların öz ölkəsində göstərməlidir.
Qeyd edək ki, hazırda Livanda təxminən 800 min Suriya vətəndaşı rəsmi şəkildə qaçqın kimi qeydiyyatdadır, lakin yerli rəsmilər real sayın bunun xeyli üstündə olduğunu bildirirlər.