Əsas səhifə » Qarğalar müntəzəm fiqurları ayırd edə bilirlər

Qarğalar müntəzəm fiqurları ayırd edə bilirlər

BAKI, AzerVoice

Qarğaların zəka səviyyəsi bir daha sübut olunub– Onlar həndəsi fiqurları ayırd edə bilirlər.

AzerVoice xəbər verir ki, Almaniyanın Tübingen Universitetində aparılan yeni tədqiqat qarğaların insanlar kimi inkişaf etmiş həndəsi intuisiyaya sahib olduğunu üzə çıxarıb.

Qarğalar ekranda göstərilən fiqurlar arasında simmetriya və anomaliyaları ayırd edə bilir və nizamlı formalara üstünlük verirlər.

Təcrübədə iki erkək leş qarğasına (Corvus corone) altı fiqurdan birinin digərlərindən fərqləndiyi tapşırıqlar verilib. Qarğalar fərqli formaları dimdikləyərək düzgün cavablar veriblər. Alimlər bu bacarığın fitri intuisiyadan qaynaqlandığını, öyrənilmiş davranış olmadığını bildirirlər.

Simmetrik, bucaqları sabit kvadrat və düzbucaqlı formalarda daha yaxşı performans göstərən qarğalar əyri və nizamsız formalarda çətinlik çəkiblər.

Tədqiqatçılar bu bacarığın təkcə öyrənməyə deyil, təkamül prosesində formalaşmış vizual qavrayışa əsaslandığını qeyd edirlər. Prof. Dr. Andreas Nieder “həndəsi düşüncə təkcə insanlara aid deyil, bu qabiliyyətin kökləri təkamül baxımından daha qədim ola bilər”, – deyə bildirib.

Qeyd edək ki, araşdırmanın nəticələri nüfuzlu “Science Advances” elmi jurnalında dərc olunub və bu, heyvanların dünyanı qavrama üsulları barədə yeni baxış bucağı yaradır.

Digər Kateqoriyalar

2025 © Azervoice