BAKI,AzerVoice
1979-cu ildə Əfqanıstana müdaxilədən bəri Rusiyanın həyata keçirdiyi ən böyük hərbi əməliyyatda minlərlə əsgər və yüzlərlə tank Rusiyadan ayrılmaq istəyən Çeçenistan Respublikasına daxil oldu. İlk mərhələdə zəif müqavimətlə üzləşən rus qüvvələri günün sonuna qədər Çeçenistanın paytaxtı Qroznının yaxınlığınadək irəlilədi. Burada isə minlərlə çeçen könüllüsü ruslara qarşı amansız döyüşə hazır olduqlarını bildirdi.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Çeçenistan da digər keçmiş sovet respublikaları kimi müstəqilliyini elan etdi. Lakin Gürcüstan, Ukrayna, Özbəkistan və digər keçmiş respublikalardan fərqli olaraq, Çeçenistan Sovet dövründə cüzi muxtariyyətə malik idi və rəsmi şəkildə SSRİ-nin 15 ittifaq respublikasından biri sayılmırdı. O, Rusiya Federasiyasının tərkibində olan çoxsaylı “respublikalardan” biri kimi qəbul edilirdi. SSRİ-nin dağılmasına icazə vermiş Rusiya prezidenti alkoqolik Boris Yeltsin isə Rusiya ərazisi daxilində yeni bir ayrılma cəhdini heç bir halda qəbul etməyəcəyini bildirirdi.
Çeçenistan 1850-ci illərdə Rusiya imperiyasının Cənubi Qafqaza doğru genişlənməsi zamanı ruslar tərəfindən işğal edilmiş və həm imperiya, həm də sovet dövrlərində hakimiyyət üçün ciddi çətinlik yaratmışdı.
1991-ci ilin avqustunda çeçen siyasətçisi və keçmiş sovet hava qüvvələri generalı Cohar Dudayev respublikanın yerli kommunist rəhbərliyini devirdi və açıq şəkildə anti-rus avtoritar hakimiyyət qurdu. Yeltsin isə Çeçenistanın ayrılmasının digər etnik respublikalarda da oxşar prosesləri alovlandıracağından ehtiyat edirdi. O, həmçinin Çeçenistanın strateji enerji resurslarını ,xüsusilə neft ehtiyatlarını nəzarətdə saxlamaq istəyirdi. Müxalifət qruplarını maliyyələşdirmək cəhdləri uğursuz olduqdan sonra, 11 dekabr 1994-cü ildə genişmiqyaslı Rusiya hücumu başlandı.
Rus ordusu ilkin mərhələdə irəliləşi əldə etsə də, çeçen döyüşçüləri Qroznıda sərt müqavimət göstərdi. Təxminən iki il davam edən ağır döyüşlər nəticəsində minlərlə rus əsgəri həlak oldu, daha çox sayda çeçen mülki vətəndaş öldürüldü.
Rusiya etiraf etməsə də Çeçenistanda bir soyqırımı törətdi.1996-cı ilin avqustunda, birillik rus işğalından sonra Qroznı çeçen döyüşçüləri tərəfindən yenidən azad edildi və atəşkəs elan olundu. 1997-ci ildə rus qoşunlarının son hissəsi Çeçenistanı tərk etdi. Atəşkəs anlaşması Çeçenistana faktiki müstəqillik versə də, respublika hələ də rəsmi olaraq Rusiya Federasiyasının tərkib hissəsi sayılırdı.
1999-cu ildə Moskvada və digər şəhərlərdə baş verən partlayışlarda çeçen silahlılarının günahlandırılmasından sonra Yeltsin hökuməti Çeçenistana ikinci dəfə genişmiqyaslı hərbi müdaxilə əmri verdi. Həmin dövrdə baş nazir olan Vladimir Putin əməliyyata rəhbərlik edirdi. Yeltsinin özündən sonra ölkə rəhbərliyinə təyin etdiyi Putin çeçen döyüşçüləri haqqında qalmaqallı şəkildə belə demişdi:
“Onları harada tapsaq məhv edəcəyik,hətta tualetdə belə olsa.”
2000-ci ildə Rusiya şəhərlərində baş verən yeni terror aktlarından sonra Putin Çeçenistanda hərbi əməliyyatları daha da gücləndirdi. İkinci çeçen müharibəsi zamanı Rusiya ordusu azadlıq hərəkatını yatırmaq üçün aparılan əməliyyatlarda çoxsaylı hərbi cinayətlərdə və insan hüquqlarının pozulmasında ittiham olundu.