Əsas səhifə » İsrail Qəzzaya Yardım Gətirən Fəalları Ölkədən Çıxarıb

İsrail Qəzzaya Yardım Gətirən Fəalları Ölkədən Çıxarıb

BAKI, AzerVoice

İsrailin Qəzzaya humanitar yardım apararkən beynəlxalq sularda saxladığı “Madleen” gəmisindəki 6 fəalın ölkədən deportasiya edilmək üçün Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına aparıldığı açıqlanıb.

AzerVoice xəbər verir ki, Madleen yelkənli gəmisində hüquq müdafiəçilərinin qanuni təmsilçiliyini üzərinə götürən İsrail hüquq müdafiə təşkilatı "Adalah"dan verilən yazılı açıqlamada deportasiya olunmaq üçün hava limanına aparılan fəallar arasında Türkiyə vətəndaşı Şuayb Ordu və türk əsilli Almaniya vətəndaşı Yasemin Acarın da olduğu bildirilib.

İsrailin 72 saatdan çox saxladığı və bu gün deportasiya edəcəyi digər fəallar Hollandiyadan Mark van Rennes, Braziliyadan Tiaqo Avila, Fransadan Reva Viard və Avropa Parlamentinin fransız üzvü Rima Həsəndir.

Hələ də İsrail nəzarətində olan fransalı fəallar Paskal Maurieras və Yanis Mhamdinin sabah günortadan sonra ölkədən deportasiya olunacağı gözlənilir.

“Adalah” fəalların həbsdə pis rəftar və cəza tədbirlərinə məruz qaldığını vurğulayaraq, iki fəalın bir müddət karserdə saxlandığını açıqlayıb.

Qeyd edək ki, “Azadlıq Donanması Koalisiyası” qeyri-hökumət təşkilatının Qəzzaya qarşı blokadanı yarmaq və bölgəyə yardım gətirmək üçün təşkil etdiyi son missiya çərçivəsində 18 metrlik gəmi, iyunun 1-də İtaliyanın Kataniya şəhərindəki San Giovanni Li Cuti limanından Qəzzaya doğru yola düşüb.

İsrail ordusu iyunun 9-da səhər saatlarında Qəzzanın blokadasını yarmaq məqsədi daşıyan Madleen gəmisinə müdaxilə edərək, göyərtəsində olan 12 könüllünü saxlayıb.

Könüllülər İsrailə gətirilib, onlardan dördü iyunun 10-da səhər saatlarında ölkədən deportasiya edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice