BAKI, AzerVoice
UNRWA Qəzzaya humanitar yardımların fasiləsiz və maneəsiz çatdırılmasına dair çağırış edib.
AzerVoice xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağına humanitar yardımların qeyd-şərtsiz daxil olmasına icazə verilməsinin vacibliyini vurğulayıb.
UNRWA-nın yaydığı yazılı açıqlamada bildirilir ki, İordaniyanın paytaxtı Əmmanda yerləşən anbarlarda bir ay ərzində ən azı 200 min insanı dəstəkləmək üçün un, qida məhsulları, dərmanlar, ədyallar və təmizlik ləvazimatları mövcuddur. Qeyd olunub ki, bu yardım ehtiyatları Qəzzaya avtomobillə cəmi 3 saatlıq məsafədə yerləşir.
“Qəzzanın köməyə çox ehtiyacı var. Humanitar yardımların maneəsiz və fasiləsiz daxil olmasına icazə verilməlidir” - deyə açıqlamada bildirilib.
Qeyd eək ki, martın 2-dən etibarən İsrailin tətbiq etdiyi blokada nəticəsində bölgəyə yardım axını ciddi şəkildə məhdudlaşıb və təxminən 2,4 milyon insan aclıq riski ilə üz-üzədir. İsrailin rəsmi məlumatına görə, bu müddət ərzində Qəzzaya cəmi 87 yardım maşını buraxılıb. Halbuki bölgənin gündəlik minimum 500 yardım və tibbi ləvazimat maşınına, əlavə olaraq 50 tır xilasedici yanacağa ehtiyacı olduğu qeyd olunur.