BAKI,AzerVoice
Osmanlı dövründə əsir ticarəti dövlət nəzarətinə baxmayaraq, uzun müddət ciddi əxlaqi və ictimai problemlərlə müşayiət olunub. Rəsmi qadağalar və fərmanlara rəğmən, xüsusilə İstanbulda fəaliyyət göstərən əsir bazarları və tellallar cəmiyyət üçün təhlükəli sayılan pozuntulara yol açıb. Tarixi mənbələrə görə, Osmanlı dövləti beynəlxalq müqavilələrlə əsirliyi rəsmən tanıyana qədər İstanbulun əsas əsir bazarı Nuruosmaniyə məscidi ətrafında fəaliyyət göstərib. XVIII əsrin ikinci yarısında inşa edilən məscid belə bu ticarət mərkəzinin yaxınlığında yerləşib.
Əsir və cariyə alqı-satqısının fahişəliyə əlverişli zəmin yaratması səbəbilə dövlət əsir tacirlərini ciddi nəzarətdə saxlamağa çalışsa da, XVI–XVIII əsrlərdə bu sahədə genişmiqyaslı pozuntular qeydə alınıb. İstanbul Qazılığına göndərilən fərmanlarda, xüsusilə gənc kölə və cariyələrin əxlaqsız məqsədlərlə istifadə edilməsi faktları vurğulanır.
Mənbələrdə qeyd olunur ki, bəzi əsir tacirlərləri cariyələri varlı şəxslərə, xristian tacirlərə və xarici nümayəndələrə müvəqqəti olaraq təqdim edir, daha sonra isə bunu “bəyənilmədi” bəhanəsi ilə ört-basdır edirdilər. Bu cür hallar dövlət tərəfindən sərt şəkildə qadağan edilsə də, tamamilə qarşısı alına bilməyib.
1559-cu ildə qəbul edilən fərmanlarla qeyri-müsəlmanların kölə və cariyə işlətməsi qəti qadağan olundu. Əsir və azad edilmiş kölələrin müsəlmanların himayəsinə verilməsi qərara alındı. Bununla belə, qeyri-rəsmi yollarla bu cür qanun pozuntularının bir müddət davam etdiyi tarixi mənbələrdə açıq şəkildə əksini tapır.
Tarixçilərin fikrincə, əsir ticarəti Osmanlı cəmiyyətində yalnız iqtisadi deyil, həm də ciddi sosial və əxlaqi problemlər yaradıb və bu sahədə aparılan islahatlar imperiyanın son dövrlərində daha da sərtləşdirilib.