BAKI,AzerVoice
Dünya və Türk hərb tarixində xüsusi yeri olan, dünyanın ilk qaradərili döyüş pilotu və Türkiyənin “Qara Qartal” ləqəbli məşhur polkovniki Əhməd Çelikten 1883-cü ildə İzmir şəhərində afro-türk ailəsində dünyaya gəlib. Atasını erkən yaşda itirən Əhməd, gənclik illərində hərbi təhsil almağa qərar verib və 1908-ci ildə leytenant rütbəsi ilə xidmətə başlayaraq Osmanlı ordusuna qatılıb.
Ağıllı, intizamlı və bacarıqlı olması onu həm təhsil, həm də xidmət illərində digər zabitlərdən fərqləndirirdi. O, Ənvər Paşa tərəfindən yaradılan məşhur Təyyarə Məktəbini birinciliklə bitirərək aviasiya tarixində mühüm yer tutan pilotlardan birinə çevrildi.
1916-cı ilin noyabrında kapitan rütbəsi alan Əhməd Çelikten Hərbi Hava Qüvvələrinə qayıtdıqdan sonra tarixdə ilk qaradərili qırıcı pilot kimi qeydiyyata düşdü. Birinci Dünya Müharibəsi illərində müxtəlif cəbhələrdə xidmət etdi, daha sonra isə Qurtuluş Savaşına qatılmaq üçün Anadoluya keçdi. Konya Hərbi Hava Bazasında pilot kimi xidmət edən Çelik, iki Yunan təyyarəsini məhv edib və çoxsaylı kəşfiyyat uçuşları həyata keçirib.
Müharibədən sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən “Qırmızı Zolaqlı İstiqlal” medalı ilə təltif olunan Çelikten polkovnik-leytenant rütbəsinə yüksəldi. 1928-ci ildə Mustafa Kamal Atatürk tərəfindən Hava Qüvvələri üzrə Müşavir təyin edildi. Atatürk ona “Çelikten” soyadını da şəxsən verib.
1949-cu ildə Türk Silahlı Qüvvələrindən polkovnik rütbəsi ilə təqaüdə çıxan Əhməd Çelikten fransız və alman dillərini mükəmməl bilirdi. Onun nəvələrinin üçü də pilot olaraq hava qüvvələrində xidmət göstərib. Əhməd Çelikten 1969-cu ildə İzmir şəhərində vəfat edib və 15 mayda dövlət mərasimi ilə dəfn olunub.