Əsas səhifə » Çölçülük – İctimai Şəxsiyyətin Quruluşu

Çölçülük – İctimai Şəxsiyyətin Quruluşu

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Birlikdə yol gedə bilmək... Yeməyi bölə bilmək... Əxlaq və şəriətin hüdudları daxilində pozitiv, maraqlı və faydalı insan ola bilmək... Getdiyi yerdə – restoranda, çayxanada, məclisdə – yadda qala bilmək... Dinləyə bilmək, məsləhət verə bilmək, ehtiyac duyulan anda bir dayaq ola bilmək... Eyni zamanda, lazım gəldikdə onurğalı və prinsiplərə sadiq olduğunu göstərə bilmək...

Gənclərin dayısı ola bilmək, ağsaqqalı ola bilmək.

Bunlar, həm möminin, həm də Azərbaycan-Qafqaz mentalitetinin ideal kişi və qadında görmək istədiyi əsas xüsusiyyətlərdir. Çünki İslam dini insana yalnız fərdi ibadətləri deyil, ictimai faydalı bir şəxsiyyət olmağı da əmr edir. Allah-Təala buyurur:

> “Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz; yaxşılığı əmr edir, pislikdən çəkindirir və Allaha inanırsınız...”
(Ali-İmran, 110)

Əksinə, hər şeyə miz miz edən, daim narazılıq edən, açıq sözlü deyib qarşısındakını incitməyi adiləşdirən, küsəyən olan, özünü ağıllı sanıb başqasını hikmətsiz hesab edən insanlar – bu xüsusiyyətlər şəxsiyyət zəifliyinin və nəfsaniyyətin təzahürüdür. Rəsulullah (s) belə buyurur:

> “Mömin başqaları ilə ünsiyyət quran və onlarla yoldaşlıq edən şəxsdir. Ünsiyyət qurmağı bacarmayan və başqalarının ünsiyyətini qəbul etməyən kimsədə xeyir yoxdur.”
(Əhməd ibn Hənbəl, Müsnəd)

Bu yazını mühafizəkar camiaya ünvanlayıram. Ki, Allahın izni ilə bu camiada şəxsiyyətli, sağlam düşüncəli, ictimai fayda verə bilən insanlar yetişsin. Cəmiyyətdə söz sahibi olsunlar, insanlara fayda versinlər, Allahın və Rəsulunun tələb etdiyi mükəmməl insan tipləri olsunlar.

Unutmayaq, real həyatdan uzaq, steril və fantaziya dünyasında yaşayan topluluqlar cəmiyyətə istiqamət verə bilməz. Nə qədər imanlı olsa da, əgər reallıqları, hüquqi çərçivələri, sosial imkanları və zamanın tələblərini dərk etmirsə, təsirli ola bilməz. Odur ki:

Yersiz və aşırı olmayın.

Etinasız və ruhsuz olmayın.

Yumor hissi olan, lakin həddi aşmayan insanlar olun.

Faydalı, praktiki və dürüst olun.

Çünki Peyğəmbərimiz (s) buyurur:

> “İnsanların ən xeyirlisi insanlara faydalı olandır.”
(Dərəquṭni, Bərr və Sıla, 34)

Allahın sizdən istədiyi kimi kişilər və qadınlar olun. Yəni:

İctimai faydalı,

Qohuma və qonşuya yarayan,

Dosta dayaq,

Sadə və pozitiv,

Ruhən dolğun, cəmiyyətdə aranan insanlar...

Çünki dindar və mühafizəkar olmaq bədbin və maraqsız olmaq demək deyil. Əksinə, əsl dindar olmaq – həyat dolu, balanslı və şəxsiyyətli olmaq deməkdir. Rəsulullah (s) deyirdi:

> “İman – ədəbdir.”
(İbn Hibban, Sahih)

Ədəbli, faydalı və sevgi ilə baxılan möminlər yetişdirmək – həm dini bir vəzifə, həm də millətə qarşı borcumuzdur.

Digər Kateqoriyalar

2025 © Azervoice